Alen Simonyan: “Sonuncu erməni məhbus qayıdanadək danışıqlar dayanmayacaq”

Alen Simonyan – Gints Ivuskans/Shutterstock.com

“Bakıdakı erməni məhbusların ən sonuncusu geri dönənə qədər onların qaytarılması prosesi ilə əlaqədar danışıqlar davam edəcək”.

Bu sözləri fevralın 16-da jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Simonyanın sözlərinə görə, Ermənistanın Azərbaycanla həyata keçirdiyi proses mürəkkəb və çətindir, lakin irəliləmək üçün imkan yaradır.

“Biz təslim olmamalıyıq. Biz məhz bununla məşğuluq. Hamı geri dönəcək. Bəlkə bu gün deyil, bəlkə sabah deyil, amma nəticədə hər kəs geri dönəcək”.

Simonyan əlavə edib ki, yaxın keçmişdə Azərbaycanda əsirlikdə təxminən 200 nəfər erməni var idi və onların qayıtması “qeyri-mümkün görünürdü, lakin ardıcıl səylər nəticəsində onlar Ermənistana geri qaytarılıb”.

“Bu iş sonuncu erməni geri dönənə qədər dayandırılmayacaq”, – Simonyan bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” kanalına verdiyi müsahibədə bildirib ki, Azərbaycanda saxlanılan erməni əsilli şəxslər ağır cinayətlərdə ittiham olunurlar və onların azadlığa buraxılması gündəmdə deyil. O, mövqeyini əsaslandırarkən İkinci Dünya müharibəsindən sonra Nürnberq tribunalında mühakimə edilən nasist rəhbərləri misal çəkib.

Bununla yanaşı, Əliyev təsdiqləyib ki, ABŞ vitse-prezidenti Ceyms Vens fevralın əvvəlində Bakıya səfəri çərçivəsində keçirilən görüşdə saxlanılan ermənilərin azad olunması məsələsini qaldırıb.

Hazırda Azərbaycanda 19 erməni məhbusun saxlanıldığı bildirilir. Aralarında Qarabağdakı keçmiş separatçı rejimin liderləri də olan məhbuslar 20-dən çox maddə üzrə, o cümlədən soyqırımı və terrorizm ittihamları ilə mühakimə olunurlar. Bu yaxınlarda isə Azərbaycan barələrində hökm çıxarılmış 4 erməni məhbusu – Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verib. 

 Fevralın 5-də isə Qarabağda fəaliyyət göstərmiş keçmiş separatçı qurumun rəhbər şəxsləri və digər rəsmiləri barədə məhkəmə hökmü elan edilib. Onlara 15 ildən başlayaraq ömürlük azadlıqdan məhrumetmə cəzaları verilib.

Təqsirləndirilənlərin əksəriyyəti  2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal hərbi əməliyyatlardan sonra, bölgədən erməni əhalinin çıxışı zamanı saxlanılıb.

Ana səhifəSiyasətAlen Simonyan: “Sonuncu erməni məhbus qayıdanadək danışıqlar dayanmayacaq”