“Bu ştamın öldürücülüyü aşağıdır, ancaq sürətlə yayılır”
COVID-19 hələ uzun illər davam edəcək, lakin “Omicron” ştammının məhdudiyyətlərlə keçən “son dalğa” olacağı qənaətindəyik.
ABŞ-ın “Pfizer” əczaçılıq şirkətinin baş direktoru Albert Burla belə deyib.
Albert Burla Fransız televiziyası BFM TV-yə verdiyi müsahibədə “Omicron”un qapanmalara səbəb olacaq son ştam olduğunu deyib.
“Elmin inkişaf etdirdiyi alətlərlə bu dalğanın məhdudiyyətlərin tətbiq olunduğu son variant ola biləcəyini düşünürəm”, – o qeyd edib.
Albert Burla əlavə edib ki, yaz aylarında həyat normala dönəcək.
Ancaq bu, o demək olmayacaq ki, СOVID-19 həyatımızdan tamamilə çıxacaq:
“Pandemiyanın səbəb olduğu 2 illik məhdudiyyətlərdən sonra həyat normala dönəcək. Virus həyatımızdan tamamilə çıxmasa da, çox güclü vaksinlər, testlər və ev şəraitində müalicə olunacaq dərmanlar xəstəliyi yüngül, evdə ötüşdürməyə kömək edəcək. Hesablamalarımıza görə, yazda bunun üçün lazım olan bütün alətlərə malik olacağıq”.
“Pfizer”in lazım olan şeylərdən ikisini istehsal etdiyini söyləyən Burla əlavə edib ki, Amerikanın böyük dərman şirkəti ilə Almaniyanın BioNTech firması birlikdə dünyanın ən çox satılan peyvəndini istehsal edib:
“Bununla bərabər xəstəxanaya yatma və ölüm faktlarını azaldacaq dərmanı, “Paxlovid”i satışa çıxarmağa hazırlaşırıq. Düzdür, “Omicron” variantının öldürücülüyü aşağıdır, ancaq sürətlə yayılır. Bu da göstərir ki, pandemiya yaxında endemik mərhələyə keçəcək və qripəbənzər bir xəstəliyə çevriləcək”.
Albert Burla hazırladıqları COVID-19 peyvəndinin uşaqlar üçün də təhlükəsiz və təsirli olduğunu bildirib.
Eyni zamanda, bu virusun hələ uzun illər davam edəcəyini söyləyib.