Günümüzdə qələm adamları istisna olmaqla, yaradıcı insanların vətəndaş mövqeyi sərgiləməsi, bu mövqe uğrunda öz karyerasından, maddi rifahından imtina etməsi hallarına rast gəlmək demək olar ki, mümkün deyil. Uzun illər Bakı Kamera Teatrının, daha sonra 3 teatrın qovuşuğunda – Gənc Tamaşaçılar Teatrında saysız rolları ugurla ifa etmiş əməkdar artist İlqar Cahangirov isə istisnalardan biridir. Hazırda tamaşaçıların seriallardan daha çox tanıdığı, Oda Teatrının aparıcı aktyorlarından biri olan İlqarla söhbətimizi sizə təqdim edirik.
– İlqar, əvvəlcə səni Oda Teatrının uğurları ilə təbrik edirəm. Amma gəl bir az əvvələ qayıdaq. Sənin illərdir ən ciddi rollarda oynadığın teatrdan uzaqlaşdırılmağından xeyli vaxt keçib. Keçmiş iş yoldaşlarınla ünsiyyətin varmı? Yoxsa onlar yenə səni görəndə çəkinərək, uzaqlaşırlar?
– Minnətdaram. Qayıdaq deyirsən, qayıdaq də. Xeyli deyəndə, artıq 1 ilə yaxındır. Bəzi dostlarımla hələ də ünsiyyətim var. Aralarında səmimi dostlarım da var, uzaqlaşanlar da var.
– Seçki ərəfəsində yaradıcı adamların, xüsusilə aktyorların mövqeyinə münasibətin necədir?
-Ümumiyyətlə, Azərbaycanda yaradıcı adamların siyasi proseslərə münasibəti çox az müşahidə olunur. Aktyorların əksəriyyəti çayxanada oturanda öz narazılıqlarını bildirirlər, ancaq media qarşısına çıxanda ya tam əksini, ya da “mən siyasətə qarışmıram” deyirlər. Bir sözlə, seçkidən qabaq necə mövqe nümayiş etdirirdilərsə, seçki ərəfəsində də eyni mövqeni nümayiş etdirdilər.
– Teatr rəhbərliyi sənə geri qayıtmağı təklif edibmi?
– Təklif etməyib. Etsələr də qayıtmaram. Çünki orada rəhbərlik yaradıcı mühiti boğur.
– Oda Teatrını sənin yaradıcılığının «azadlıq adası» adlandırmaq olarmı?
– Adası yox, elə Odası adlandırmaq olar. Hələ ki, azadlığımız Oda-dadır.
– İlk tamaşalardan razısanmı?
– Razıyam. Uşaqların fədakarlığı, çalışqanlığı məni Oda-ya daha da möhkəm bağlayır. Hərdən gəncliklərinə salıb biraz diqqətsizlik eləyirlər amma birlikdə hazırladığımız tamaşadan istədiyimi ala bilmişəm. Və inanıram ki, teatrın uzun müddət yaşamağına bu gənclər dəstək olacaq. Ən düzgün sözü isə tamaşaçılar deyəcək.
– Teatrdan gələn gəlirlə dolanmağın mümkün deyil. Sirr deyilsə, nə ilə yaşayırsan?
– Təbii ki, teatr gəlir mənbəyi deyil. O ki, qaldı mənim dolanmağıma, hamı necə mən də elə də. Hərdən borca giririk, hərdən də Əlinin papağını Vəlinin başına qoyuruq. Artıq 1 aydır 1 illik müqavilə bağlayıb, cüzi maaş alıram.
– Seriallara çəkildiyini bilirik. Müxalif fikirlərinə görə rejissorlar sənə irad tuturlar?
– İrad tuturlar deyəndə ki, hərdən agıl verən də olur, dəstəkləyən də olur. Aralarında cəsarətlisi də var.
– Seriallar səni çox məşhurlaşdırıb? Deyəsən, şəhərdə artıq səni hamı tanıyır. Maraqlıdı, on beş il teatrda ən ciddi rolları oynamısan. Amma ciddi sənət növü hesab olunmayan seirallarla tanınırsan. Bu səni məyus eləmir ki?
– Müsahibələrimin birində bu barədə danışmışam. 22 illik teatr təcrübəmdə məni ancaq “Tarqovı” ətrafında tanıyırdılarsa, seriala çəkiləndən sonra hər yerdə tanıdılar. Nə deyim, Azərbaycanın reallığıdır.
– Böyük teatra qayıtma ehtimalın nə qədərdir?
– Müqavilə ilə işləmək təklifi gəlsə dəyərləndirərəm. Təbii ki, yaxşı rejissor tərəfindən. Çalışacam ki, öz teatrımızı yaşadaq.