İmişlidə müharibə əlil və veteranları aksiya keçirib
“Əliləm, pensiyam dolanışığıma da çatmır. Məhkəmə həyat yoldaşım üçün qərar çıxarıb. Hər şey devalvasiyadan sonra baş verdi. Dollarla götürdüyümüz kredit kəllə-şarxa çıxdı, yoldaşım, özüm işsiz qaldıq… Nə olar ki, hökumət də bunları nəzərə alıb, bir az da vətəndaşa tərəf çıxsın. Hər tərəfdən üstümüzə gəlirlər. 4 nəfərlik ailə pensiyamın ümidinə yaşayır”, – İmişli sakini, ikinci qrup müharibə əlili Ramin Əşrəfov deyir.
Ramin Əşrəfovun həyat yoldaşı Minayə Soltanova bank kreditini ödəyə bilmədiyi üçün məhkəməyə verilib, ölkədən çıxışı məhdudlaşdırılıb. Məhkəmə icraçıları az qala hər gün ünvana gələrək məhkəmə qərarının icra olunmasını tələb edirlər. Noyabrın 30-da İmişlinin mərkəzindəki “Ədliyyə evi”nin qarşsıına toplaşan müharibə əlilləri və veteranları arasında Ramin Əşrəfov da olub. Əlil və veteranlar aylıq pensiyalarının bank borclarına görə qəpiyinədək kartlarından silinməsinə etiraz ediblər. Onlar aclıq aksiyası keçirməyi planlaşdırsalar da, sonradan danışıqlar aparılıb və fikirlərindən daşınıblar.
Şikayət icra və probasiya şöbəsindəndir
Əlilliyi olan Vüqar Qədirov:
“Şikayətimiz İmişli rayon icra və probasiya şöbəsindəndir. Eyni vaxtda həm əsas borcludan, həm də zamindən pul tutulur. Əmlaklarımızın üzərinə həbslər qoyulub. Aylardır ki, pensiyalarımız əlimizə gəlib çatmır. Ailələrimiz ac qalıb, kartda çörəkpulu da saxlamırlar”.
Hadisə yerinə gələn polislər əlil və veteranları şöbəyə dəvət ediblər, onları polis rəisi qəbul edib. İcra şöbəsinin rəhbərliyi də polisə dəvət olunub və danışıqlar aparılıb. Əlil və veteranlara bildirilib ki, şikayətləri ədliyyə nazirinə çatdırılacaq.
Biz onlara imkan daxilində güzəşt edirik
Vüqar Qədirov: “Bizə tapşırıldı ki, bununla bağlı bütün müharibə əlil və veteranlarının siyahısını hazırlayıb onlara təqdim edək, onlar da problemi nazirə bildirsinlər”.
İmişli Rayon İcra və Probasiya Şöbəsindən Meydan TV-yə bildirilib ki, aksiyaçıların bir nümayəndəsi ilə görüşüblər və ortaq razılıq əldə olunub:
“Bizim şöbənin vəzifəsi icraya yönəldilən məhkəmə qərarını icra etməkdən ibarətdir. Tam qanuni işləyirik. Vətəndaşın o qərardan narazılığı varsa, vaxtında qanuni addımlar atıb yuxarı məhkəmələrə müraciət edə bilər. Əlil və veteranlara gəlincə, şöbə onlara borcların ödənilməsində imkan daxilində güzəştlər etməyə çalışır”.