Akif Qurbanov: MSK pozuntulara şərik olduğunu nümayiş etdirir

O hesab edir ki, konkret olaraq, Seçki Məcəlləsinin 112 və 112-1 maddələrin tələbləri pozulub. Həmçinin, 104, 106-cı maddələrin pozuntusu baş verib.

Mərkəzi Seçki Komissiyası, Foto: Mərkəzi Seçki Komissiyası


“MSK-nin şikayətlərə belə münasibəti ölkə Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir”

“Mərkəzi Seçki Komissiyası faktiki olaraq şikayətləri araşdırmadı və ümumiyyətlə, 9 fevraldan sonra ədalətli, hərtərəfli araşdırmadan söhbət gedə bilməz”.

Bunu Meydan TV-ə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov deyib.

O, 9 fevralda baş tutmuş səsvermədən sonra şikayətlərə baxılma prosesi zamanı MSK-nin işini pis qiymətləndirib.

Akif Qurbanovun sözlərinə görə, şikayətlər bitmədən, araşdırma aparmadan MSK tələsik qərarlar verib:

“Məsələn, Yadigar Sadıqlı fevralın 25-də günorta şikayət vermişdi. Bir saatdan sonra, iclasa 5 dəqiqə qalmış komissiyaya çağırıblar və rədd ediblər. ATƏT-in Müşahidə Missiyası ölkəni tərk edəndən sonra MSK tamamilə mövqeyini dəyişdi. MSK çox açıq şəkildə olan pozuntulara şərik olduğunu nümayiş etdirir və bunun arxasında hakimiyyətin siyasi iradəsi dayanır. İlk günlərdə 4 dairənin ləğvi isə siyasi gərginliyin yatırılması idi. Hazırda adamlar məyusdur”.

Akif Qurbanov
Akif Qurbanov

Akif Qurbanov hesab edir ki, MSK-nin bu cür yanaşması nəinki Seçki Məcəlləsinə, Konstitusiyaya da ziddir. O hesab edir ki, konkret olaraq, Seçki Məcəlləsinin 112 və 112-1 maddələrin tələbləri pozulub. Həmçinin, 104, 106-cı maddələrin pozuntusu baş verib.

“Bundan əlavə, MSK-nin şikayətlərə belə münasibəti ölkə Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Çünki Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası əsasında götürdüyü öhdəlik məcburi xarakter daşıyır. Təəssüf ki, öhdəlik icra olunmur. Eyni zamanda, MSK inzibati orqan olaraq ləğv olunan dairələrdə aktlara istinad edərkən bu sənədləri mötəbər sübut kimi edirdi, amma digər şikayətlərdə heç birini qəbul etmədi. Çox təəssüflər olsun ki, məhkəmələr də tərəflərin MSK-nin qanunsuz davranışı haqda fikirlərini dinləyir və 5-10 dəqiqəlik müşavirədən sonra qərar çıxardır. Kassasiya şikayətinə gəldikdə isə çox formal yanaşma göründü. Bütövlükdə baş verənlər Konstitusiyanın 6, BMT-nin İnsan Hüquqları Bəyannaməsinin 21, İnsan Hüquqları Konvensiyasının 13, Avropa İnsan Hüquqları Məhkəməsinin 1 saylı protokolunun üçüncü maddələrinə ziddir”.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərlə bağlı daxil olmuş müraciətlər əsasında ümumilikdə 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub.

Ötən müddət ərzində 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli), 80 saylı İmişli-Beyləqan seçki dairəsində (lider namizəd Çingiz Qənizadə) səsvermənin nəticələri ləğv edilib.

Ana səhifəSiyasətAkif Qurbanov: MSK pozuntulara şərik olduğunu nümayiş etdirir