Akif Qurbanov: “Məhkəmələrdə ‘İlham Əliyev’, ‘diktatura’ sözləri avtomatik silinir”

“Toplum TV işi” üzrə həbs olunanlar. Foto: Meydan TV

Bu gün, martın 2-də “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

AzadlıqRadiosu yazır ki, III Respublika Platformasının sədri, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov bugünkü məhkəmə prosesində deyib ki, özü də daxil, “Toplum TV işi” üzrə 9 nəfərin məhkəməsində protokollar saxtalaşdırılır. Onun sözlərinə görə, harada dövlət başçısı İlham Əliyevin adı çəkilirsə, “ailə hakimiyyəti”, “diktatura” kimi ifadələr səslənirsə, həmin çıxışlar protokollarda əksini tapmır.

Toplum TV internet televiziyası ilə bağlı cinayət işi üzrə 9 nəfərin işinə 11 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Ötən iclasda təqsirləndirilən şəxslər məhkəmə protokolları ilə tanış olublar.

Bu gün keçirilən məhkəmə iclasında A.Qurbanov bildirib ki, protokollarla tanış olarkən, məhkəmədəki çıxışlarının təhrif edldiyini görüb. Onun sözlərinə görə, məhkəmə zallarında sistem elə quraşdırılıb ki, audio və videoyazı zamanı da bəlli ifadələr səslənəndə avtomatik fasilə yaranır:

“İlham Əliyev və ailə hakimiyyəti, diktatura, Əliyev rejimi kimi fikirlər səslənəndə, hamısı avtomatik olaraq yazılmır”.

Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev məhkəmə prosesinin audio və videoyazısında kəsintilər barədə deyilənləri qəbul etməyib. Məhkəmə iclas protokollarında sözügedən ifadələrin yazılmamasına gəlincə, hakim belə əsaslandırıb ki, baxılan cinayət işinin mahiyyətinə aid olmadığından, belə fikirlər protokolda əksini tapmayıb.

A.Qurbanov və digər təqsirləndirilən şəxslərsə bunu məhkəmədə səslənən ifadələrin saxtalaşdırılması kimi dəyərləndiriblər.

Jurnalistlərdən Fərid İsmayılov məhkəmədə iştirak etmək istəmədiyini söyləyib və bununla bağlı vəsatət qaldırıb. O bildirib ki, sağlamlığında problemlər var, hər dəfə Kürdəxanıdan – Bakı İstintaq Təcridxanasından məhkəməyə gəlib-getmək onun üçün əlavə əziyyətdir:

“Ən əsası, bu məhkəmədən heç bir gözləntim yoxdur. Onsuz da bilirəm ki, nə sifariş verilsə, o hökm də elan olunacaq. Boş yerə əziyyət çəkməyin nə mənası var?”.

F.İsmayılovun vəsatəti təmin edilməyib.

Məhkəmə prosesində indi sənədlər araşdırılır. Hakim bir sıra sənədləri açıqlasa da, təqsirləndirilən jurnalistlər orada yazılanlara etirazlarını bildiriblər. Məsələn, Ramil Babayev deyib ki, sənəddə onun hərəkətdə olarkən saxlandığı, üstündəki çantadan içində pullar olan bir neçə zərf tapıldığı yazılıb. Onun sözlərinə görə, bu haqda yazılanlar yalandır, dayanacaqda dayandığı vaxt bir neçə nəfərin qaça-qaça ona tərəf gəldiyini görüb. Bu da təxminən 30-40 saniyə çəkib: Əgər doğrudan da üstümdə elə bir şey olsaydı, atmaq imkanım vardı”.

Ələsgər Məmmədli isə evə baxış keçirilməsi haqda qərar olsa da, faktiki axtarış aparıldığını söyləyib və cinayət işinin materiallarında axtarış qərarının olmadığını vurğulayıb.

Növbəti məhkəmə prosesi martın 16-na təyin olunub.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV-nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Ana səhifəSiyasətAkif Qurbanov: “Məhkəmələrdə ‘İlham Əliyev’, ‘diktatura’ sözləri avtomatik silinir”