Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər və vəkilləri bir sıra vəsatətlər qaldırıblar.
Toplum TV xəbər verir ki, təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov istintaq dövründə müsadirə olunmuş telefonların məhkəməyə gətirilməsini tələb edib.
“Telefonların şifrələrini ancaq biz bilirik. Gətirin, açaq, siz də göstərin ki, orada cinayət əməlinə dair hansı sübutlar var. Keçən dəfə Dövlət Vergi Xidmətinin nümayəndəsi burada dedi ki, biz gəlir əldə etmişik və ödənişlər etmişik. Ödənişlərin qəbzlərini gətirin, göstərin”, – o deyib.
A.Qurbanovun vəkili Fuad Ağayev isə istintaqa rəy vermiş ekspertlərin məhkəməyə gətirilməsi üçün vəsatət verib.
Təqsirləndirilən şəxslərdən Toplum TV-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli də vəsatəti dəstəkləyib. O əlavə edib ki, Daxili İşlər Nazirliyinə (DİN) tabe olmayan, alternativ ekspertiza keçirilməlidir:
“Çünki DİN bu prosesdə tərəfdir. Həm də qanunsuz “sübut”lar təqdim edən, insanları şərləyən tərəfdir. Ona görə onların keçirəcəyi ekspertizanın heç bir dəyəri yoxdur. Yenidən, müstəqil ekspertiza keçirilməlidir, mənə aid olduğu iddia olunan pul vəsaitləri tozlanıb barmaq izləri yoxlanmalıdır. 40-50 dənə əskinasdan cəmi ikisində mənim barmaq izimin çıxdığını dedilər. Onun da saxta olduğunu sübut etdik”.
A.Tağıyev Ə.Məmmədliyə ekspertiza ilə bağlı vəsatətinin yazılı formada verilməli olduğunu deyib.
Dövlət ittihamçısı Rauf Malışov ekspertiza rəyi vermiş şəxslərin məhkəməyə çağırılmasına lüzum görmədiyini bildirib.
Hakimlər müşavirədən sonra “ekspertiza rəylərinin aydın şəkildə tərtib olunduğunu” əsas gətirərək F.Ağayevin vəsatətini təmin etməyiblər. Təqsirləndirilən şəxslər hakimlərin qərarını ironiya ilə alqışlayıblar.
“İndiyə qədər bir dəfə olubmu ki, Malışovun “yox” dediyinə “hə” deyəsiniz?”, – A.Qurbanov hakimə sual edib.
A. Tağıyev isə bildirib ki, onun vəzifəsi dövlət ittihamçısını sadəcə dinləməkdir və yekun qərarı sonda özü qəbul edir.
Ardınca təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli çıxış edib.
“Bu iş 2024-cü il martın 6-da açılıb. Həmin gün saxlanılsam da, gecə sərbəst buraxılmışam. İki gün sonra isə məni yenidən saxlayıb, evimdə axtarış apararaq guya pul tapıblar. Əgər bu pul mənim idisə və dostlarımın, eləcə də daha əvvəl digər jurnalist və fəalların məhz bu ittihamla həbs olunduğunu bilirdimsə, niyə həmin pulu iki gün ərzində evimdən çıxarmamışam?”, – deyə o, hakimə sual ünvanlayıb.
R.İzzətli də qeyd edib ki, pulun ona aid olduğu iddia edilsə də, bütün əskinaslarda barmaq izi olduğuna dair sübutlar yoxdur.
“Mən sizi də anlayıram. Bu sistem belə qurulub. Ekspertiza nə rəy verir, onu təsdiq edirsiniz. Sabah zəng gəlsə ki, ABŞ vitse-prezidenti Ə.Məmmədlinin ev dustaqlığına buraxılmasını tələb edib və buraxılmalıdır, ona uyğun qərar verəcəksiniz. Bu gün tarixçilər araşdırır və görürük ki, sovet hakimiyyəti nə cür məhkəmələr qurub və hakimlər orada necə iştirak edib. Sizin də bu məhkəmədə iştirakınızı gələcək nəsillər görəcək”, – siyasətçi hakimə xitabən deyib.
A.Tağıyev R.İzzətlinin sözünü kəsərək deyib ki, “əl-qolla danışma!”. Bu zaman onların arasında mübahisə yaranıb. A.Qurbanov isə hakimə “özününüzü sinif rəhbəri kimi aparırsnız” deyərək irad tutub.
“Siz özünüzü elə şagird kimi aparmalısınız. Sizin hörmətinizə ehtiyacım yoxdur”, – deyə A.Tağıyev cavab verib.
Daha sonra çıxış edən, təqsirləndirilən şəxslərdən Toplum TV əməkdaşı Fərid İsmayılov hakimdən Ombudsman Aparatına şikayət etdiyini bildirib.
“Ombudsman Aparatı işçiləri mənə nə desə, yaxşıdır? ‘Allah köməyin olsun’. İndiyə qədər heç bir vəsatətimi təmin etməmisiniz. Hikmət Hacıyev COP29-da özü mənə söz verdi ki, məhkəmə ədalətli aparılacaq. Budur ədalətli məhkəmə? Ölkədə hüquq adına bir şey qalmayıb. Mən niyə gəlib-gedirəm bura?”, – o deyib.
Jurnalist artıq 10 aydır 28-ci dəfə məhkəməyə gətirildiyini xatırladaraq, ona hansı cinayətin istinad edildiyinin hələ də aydın olmadığını bildirib:
“Sənədlərdə qeyd olunur ki, Fərid İsmayılov Toplum TV-də araşdırmaçı jurnalist olub, vəssalam. Özünüz etiraf edirsiniz ki, hökumət bu ölkədə həqiqi jurnalistika ilə məşğul olmağı cinayət sayır. 10 aydır suallarıma cavab verən yoxdur, prokuror susur, Dövlət Sərhəd Xidmətinin əməkdaşları susur, üç hakimdən biri Roman Ələkbərov heç danışmır”.
Daha sonra Ə.Məmmədli müsadirə olunmuş bəzi sənədlərin sübutlar siyahısından çıxarılması və səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması üçün vəsatətlər verib. Məhkəmə vəsatətləri təmin etməyib.
Növbəti məhkəmə prosesi fevralın 23-ə təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV-nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.