ResPlatformanın spikeri Akif Qurbanov Kürdəxanı təcridxanasından bayram təbriki göndərib:
Əziz həmvətənlər, Birinci dünya müharibəsinin gedişində Rusiya imperiyasının çöküşü ucqarlarda milli dövlətlərin yaranmasına səbəb oldu. Onlardan biri də Azərbaycan Cümhuriyyəti idi.
107 il əvvəl Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edən qurucu atalarımız sadəcə bir dövlət yaratmadılar. Onlar bütün vətəndaşların hüquq bərabərliyini elan edən, parlament və onun qarşısında məsul hökumət tərəfindən idarə olunan gerçək Respublika qurdular.
Birinci Respublikamız rus işğalı üzündən cəmi 23 ay yaşadı. Amma dövrün bütün çətinliklərinə rəğmən bu müddət ərzində gördüyü azman işlərlə, xüsusən də nümayiş olunan parlamentarizm və siyasi mədəniyyət, təhsilə, hüquq və azadlıqlara göstərilən diqqət sayəsində tariximizin ən şanlı səhifəsinə çevirldi.
Cümhuriyyət, Azərbaycan xalqının demokratik potensialı haqqında bədbin fikirlər söyləyənlərə qarşı bu gün də ən güclü arqumentdir. Despotizm tərəfdarlarının onu sevməməsinin, imkan düşən kimi ləkələməyə çalışmalarının səbəbi də budur. Amma bu cəhdlər əbəsdir. Azərbaycan xalqı Cümhuriyyətə, onun xadimlərinə də layiqli qiyməti çoxdan verib və geopolitik şərtlərin yaratdığı ilk fürsətdəcə yeni, Üçüncü Respublikanı yaradacaq.
Əziz həmvətənlər, bu gün gerçək respublikaçılıqdan uzaq düşməyimiz sizi ümidsiz etməsin. Bütün antidemokratik rejimlər müvəqqətidir. Böyük Rəsulzadənin dediyi kimi, şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını və insan haqlarını tutan tərəf qalib gələcək.
Biz qalib gələcəyik. Xeyir şərə, işıq zülmətə qalib gələcək. Respublikaçılıq qalib gələcək.
Respublika gününüz mübarək.