Məhkəmə Səlim Məmmədovun da əmlaklarının geri qaytarılmasına qərar verib
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov həbs olunarkən onun ailəsinə məxsus müsadirə edilmiş təxminən 30 milyon manatlıq əmlak özlərinə qaytarılıb. Dekabrın 28-də Bakı Apelyasiya Məhkəməsində Habil Məmmədovun sədrliyilə, Həsən Əhmədov və İlqar Murquzovdan ibarət hakimlər kollegiyası buna qərar verib.
2015-ci ildə həbs edilib, 12 il il cəza alan və əfv sərəncanıyla 2020-ci ildə azadlığa buraxılan Akif Çovdarov özü haqqında hökmlə bağlı şikayətlərini hələ də davam etdirir. Bir müddət əvvəl Ali Məhkəmə onun haqqında hökmü əmlaklarla bağlı hissədə ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarmışdı. Bu iş 6 aydır ki, yenidən apelyasiya məhkəməsinin icraatındadır. Hakimlər belə nəticəyə gəlib ki, Akif Çovdarovun ailəsinin əmlakları özlərinə qaytarılmalıdır.
Onların arasında aşağıdakı əmlaklar var:
Nizami rayonu, “8-ci kilometr bazarı” adlanan ticarət mərkəzinin paylarının bir hissəsi (Akif Çovdarovun qızı Aidə Qasımovanın adınadır, cinayət işində göstərilib ki, onlar zorla zərərçəkmişlərdən alınıb. Payların qalan hissəsi isə milli təhlükəsizlik nazirinin o dövrdə müavini olan Hilal Əsədovun həyat yoldaşının adına keçirilib) – 8.1 milyon manat;
Biləcəri qəsəbəsində 0.6 hektar və 560 kvadrat metr torpaq sahələri – 300 min və 95 min manat;
Məhəmməd Xiyabani küçəsi 5 ünvanında 250 kvadrat metrlik obyekt – 230 min manat;
Bülbül prospekti ev 65, mənzil 38 – 483 min manat;
Novxanı kəndində bağ evləri – 800 min manat, 700 min manat;
Xızı rayonu, Qızılqazma kəndində 2 hektar torpaq sahəsi – 400 min manat;
Şamaxı rayonu Nağaraxana kəndində hektarlarla torpaq sahələri və tikililər – 750 min manat;
Kürdəmir rayonunda torpaq sahələri və tikililər – 650 min manat;
Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeyri-yaşayış sahələri;
Bakıda 7-ci mikrorayonda 4941 kvadrat metrlik 6 mərtəbəli bina – 3.1 milyon manat;
Nəsimi rayonu, Cavadxan küçəsi 62 ünvanında 7 mərtəbəli qeyri-yaşayış binası – 4.5 milyon manat…
Akif Çovdarov həbs olunandan sonra üzərinə həbs qoyulmuş əmlakların sayı sadalananlardan xeyli çox idi. Onların arasında Badamdarda villalar və başqa çoxsaylı əmlaklar da vardı. Lakin məhkəmə onların müsadirə olunmasını məqsədəuyğun saymamışdı.
Akif Çovdarovla yanaşı, məhkəmə vaxtilə onun tabeliyində işləmiş və birlikdə mühakimə olunduğu polkovnik Səlim Məmmədovun da əmlaklarının geri qaytarılmasına qərar verib.
Akif Çovdarov 2015-ci ilin oktyabrında MTN-də keçirilən, nazir Eldar Mahmudovun vəzifədən çıxarılması, 5-ci general olmaqla, 20-dən çox vəzifəli şəxsin həbsilə nəticələnən əməliyyatdan sonra tutulub. O, 12 il azadlıqdan məhrum edilib. 2020-ci ilin aprel ayında dövlət başçısının imzaladığı əfv səfərncamıyla azadlığa buraxılıb.
Hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa cinayətlərdə ittiham olunan Akif Çovdarov özünü təqsirli bilməyib.