Akif Çovdarov və yaxınlarının müsadirə olunan əmlakları: 30 milyonluq siyahı…

Foto: Meydan TV

 Ali Məhkəmə qərarı qüvvədə saxladı

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş, general-mayor Akif Çovdarov 2015-ci ildə həbs edilib, 2020-ci ildə azadlığa buraxılsa da, onun özü və ailə üzvlərinin əmlaklarıyla bağlı məhkəmə prosesləri bugünə qədər davam edirdi. Ali Məhkəmə aprelin 17-də bu məsələ ilə bağlı yekun qərar qəbul edib. Hakim Tahir Kazımovun sədrliyilə çıxarılan qərara əsasən, Akif Çovdarov və yaxınlarının əmlakları müsadirə edilərək, dövlət nəfinə verilib.

Müsadirə olunan əmlaklar üzərinə hələ 9 il əvvəl – 2015-ci ildə Akif Çovdarov həbs ediləndən sonra həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində Akif Çovdarova haqqında hökmdə onun 12 il azadlıqdan məhrum edilməsi ilə yanaşı, üzərində həbs olan əmlakların müsadirəsi məsələsi də yer alımışdı. Bakı Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlamışdı. Ali Məhkəmə isə cəza hissəsində hökmlə razılaşsa da, əmlaklara aid hissədə aşağı instansiyanın qərarını ləğv edib, işi apelyasiya məhkəməsinə qaytarıb. Bakı Apelyasiya Məhkəməsində 2022-ci ilin dekabrında Akif Çovdarov və yaxınlarına məxsus əmlakların müsadirədən azad olunması və üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilib.

Bu qərardan siyahıdakı əmlaklardan biri – “8-ci kilometr bazarı”nın keçmiş sahibi Çingiz Əsədov Ali Məhkəməyə kassasiya şikayəti, Baş Prokurorluq isə kassasiya protesti verib. Əmlakların sahiblərinə qaytarılması barədə qərarın ləğvi istənilib.

2022-ci ilin dekabrında Bakı Apelyasiya Məhkəməsində Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası vaxtilə MTN-də Akif Çovdarovun tabeliyində işləmiş, sonradan onunla birlikdə mühakimə olunan polkovnik Səlim Məmmədovun da əmlaklarının qaytarılmasına qərar vermişdi. Prokurorluq da Akif  Çovdarovla yanaşı, Səlim Məmmədovun əmlaklarına münasibətdə də kassasiya protesti vermişdi.

2023-cü ilin aprelində Ali Məhkəmədə Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası bu işə baxaraq, həm Akif Çovdarov, həm də Səlim Məmmədova münasibətdə əmlakların qaytarılması haqda apelyasiya məhkəməsinin verdiyi qərarı ləğv edib. İş bir daha baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Bu dəfə apelyasiya məhkəməsi sabiq MTN-çilərin əleyhinə – əmlakların müsadirəsinə qərar verib.

Akif Çovdarov və Səlim Məmmədov, eləcə də Çingiz Əsədov bu qərardan yenidən Ali Məhkəməyə kassasiya şikayəti verib. Çingiz Əsədov tələb edir ki, “8-ci kilometr bazarı” ona qaytarılsın. Bakı Apelyasiya Məhkəməsi isə əmlakların dövlət nəfinə keçirilməsinə qərar verib.

Aprelin 17-də Ali Məhkəmə növbəti dəfə sabiq MTN-çilərin əmlaklarıyla bağlı məsələyə baxaraq, apelyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb – həm Akif Çovdarov, həm də Səlim Məmmədovun özləri və yaxınlarının əmlaklarının müsadirə olunması məsələsi qətiləşib.

Akif Çovdarov və yaxınlarının müsadirə olunmuş əmlakları arasında “8-ci kilometr bazarı” ilə yanaşı aşağıdakı evlər və obyektlər də var:

Biləcəri qəsəbəsində 0.6 hektar və 560 kvadrat metr torpaq sahələri – 300 min və 95 min manat;

Məhəmməd Xiyabani küçəsi 5 ünvanında 250 kvadrat metrlik obyekt – 230 min manat;

Bülbül prospekti ev 65, mənzil 38 – 483 min manat;

Novxanı kəndində bağ evləri – 800 min manat, 700 min manat;

Xızı rayonu, Qızılqazma kəndində 2 hektar torpaq sahəsi – 400 min manat;

Şamaxı rayonu Nağaraxana kəndində hektarlarla torpaq sahələri və tikililər – 750 min manat;

Kürdəmir rayonunda torpaq sahələri və tikililər – 650 min manat;

Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeyri-yaşayış sahələri;

Bakıda 7-ci mikrorayonda 4941 kvadrat metrlik 6 mərtəbəli bina – 3.1 milyon manat;

Nəsimi rayonu, Cavadxan küçəsi 62 ünvanında 7 mərtəbəli qeyri-yaşayış binası – 4.5 milyon manat…

Buradakı qiymətlər bir neçə il əvvəl istintaq vaxtı əmlakların üzərinə həbs qoyularkən olan dəyərləndirmələrdir. Ötən illər ərzində Bakıda daşınmaz əmlakın qiyməti kifayət qədər bahalaşıb.

Vətəndaşların pullarını, əmlaklarını ələ keçirmək üçün onları MTN-ə gətirdib hədələməkdə, zor tətbiq etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda, əməliyyat-axtarış tədbirləri və s. məqsədlərlə ayrılmış vəsaitlərin mənimsənilməsində və başqa əməllərdə ittiham olunan Akif Çovdarov 2015-ci ildə həbs edilib. O, 12 il azadlıqdan məhrum olunub. Lakin 2020-ci ilin aprelində əfv sərəncamıyla azadlığa buraxılıb. O, məhkəmədə ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib.

2004-2015-ci illərdə MTN-də çalışmış Akif Çovdarovun general-mayor rütbəsi də alınıb.

Ana səhifəSiyasətAkif Çovdarov və yaxınlarının müsadirə olunan əmlakları: 30 milyonluq siyahı…