Ailəsinin 5 üzvünü öldürən şəxs cəzadan azad edilib

Əhməd Əhmədov. Foto: Meydan TV

Əhməd Əhmədov məcburi ixtisaslaşdırılmış müalicə müəssisəsinə yerləşdirilib

Anası, atası, azyaşlı qardaşı, bacısı və onun 3 yaşlı qızını qətlə yetirməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun işi üzrə məhkəmə araşdırmaları başa çatıb.

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında qərar elan olunub. Qərara əsasən, Əhməd Əhmədov cinayət baş verərkən və hazırda anlaqsız hesab edildiyinə görə cəzadan azad olunub, məcburi ixtisaslaşdırılmış müalicə müəssisəsinə yerləşdirilib.

Qərarın icrası Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

Qərardan əvvəl məhkəmədə zərərçəkmişlərin hüquqi varislərindən biri – Əhməd Əhmədovun bacısı Elmira Niftəliyevanın qaynı Rüstəm Niftəliyev ifadə verib. O bildirib ki, qardaşının həyat yoldaşı və 3 yaşlı qızının qətlə yetirilməsi barədə xəbəri bacısından eşidib, dərhal da hadisə yerinə yollanıb:

“Ora gedəndə hələ də onların sağ olduqlarına ümid edirdim. Sonuncu dəfə qardaşım qızı Ülviyyənin ad günündə onlarda olmuşdum”.

Rüstəm Niftəliyev ifadəsinin sonunda qardaşının həyat yoldaşı və qızının ölümünə görə Əhməd Əhmədova ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini tələb edib. O, məhkəməyə ərizəsində də Əhməd Əhmədovdan şikayətçi olduğunu vurğulayıb.

Daha sonra məhkəmədə şahidlər dindirilib.

Bikə Əhmədova və 9 yaşlı oğlu Məhəmməd balta ilə binanın blokunda qətlə yetirilərkən qonşu Sevinc Yusifzadə səs eşitdib və qapını açıb. Onun sözlərinə görə, Əhməd Əhmədovun anasını yerə yıxıb, baltanın sapı ilə vurduğunu görüb:

“Qapının dalından uşağın qışqırtısını eşidirdim. Deyirdi ki, “anamı öldürmə, yazıqdır”. Mən çıxıb dedim ki, neynirsən? Məni təhqir elədi”.

Həmin vaxt qorxduğunu deyən qonşunun sözlərinə görə, uzun müddət psixoloji yardım alıb.
Məhkəmədə Əhməd Əhmədovun atasının xalası oğlu Vüqar Əhmədov da şahid qismində ifadə verib. O bildirib ki, xalası oğlu Mehman Əhmədovun ailəsi qapalı idi, öz sirrini kənara çıxarmazdı:

Çox məlumatım olmasa da, bilirdim ki, Əhməd dərman içirdi, Mərdakana psixiatriya həkiminə müalicəyə aparırdı. Əhməd Moskvada atasının yanında restoranda işləmişdi. Ondan pislik görməmişdim”.

Məhkəmədə Əhməd Əhmədovun hadisə günü balta aldığı təsərrüfat malları mağazasının satıcısı Xəqani Nadirov da ifadə verib. O bildirib ki, həmin gün Əhməd Əhmədovun əlində qan olduğunu görüb, amma onun cinayət törətdiyini düşünməyib. Baltanı isə 20 manata satıb.

Daha sonra məhkəmədə sənədlər elan olunub. Sənədlərin elanı zamanı aydınlaşıb ki, Əhməd Əhmədov haqqında 2016-cı ildə də qəsdən sağlamlığa ağır xəsarət yetirməyə görə cinayət işi başlanıb. 2017-ci ildə isə xitam verilib.

Əhməd Əhmədov bir müddət əvvəl məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan olunub.

Sənədlər elan olunandan sonra dövlət ittihamçısı Ziya Mansurov çıxış edib və bildirib ki, Əhməd Əhmədovun psixi xəstəlikdən əziyyət çəkməsi, cinayəti də bu xəstəliyin təsiri altında anlaqsız vəziyyətdə törətməsi məhkəmə araşdırması zamanı sübuta yetirilib:

“Onun xəstəliyi davam edir. Özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq, cəzadan azad edilməsi və ixtisaslaşdırılmış müalicə müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”.

Zərərçəkmişlərin hüquqi varisləri də prokurorun təklifinə etiraz etməyib.
Hakim Əhməd Əhmədovdan nəsə demək istəyib-istəmədiyini soruşub. O, “sözüm yoxdur” cavabını verib.

Səbinə Məmmədzadə, Azad Məcidov və Əli Məmmədovdan ibarət hakimlər kollegiyası təxminən bir dəqiqəlik müşavirədən sonra qərarı elan edib.

Əhməd Əhmədov istintaqdakı ifadəsində bildirib ki, ailə üzvlərini ona qarşı saymazyana münasibətə və diqqətsizliyə görə öldürmək qərarına gəlib. Onun sözlərinə görə, hətta valideynləri onun üçün ayrıca ev almışdı. O, həmin mənzildə tək yaşayırdı və doğmalarından lazımi diqqət, qayğı görmürdü, ailəsi ilə də münasibəti normal deyildi.
Onun ifadəsinə əsasən, əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen işləyib. Amma hadisə vaxtı heç yerdə işləmirdi.

Hadisə günü atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədov onu evlərinə aparıb. Atası səhər yeməyi hazırlayanda isə qəfildən onu öldürmək fikrinə düşüb. Həmin vaxt evdə onların ikisindən başqa heç kim olmayıb. Çünki məktəb direktoru olan anası, 1977-ci il təvəllüdlü Bikə Əhmədova ilə 9 yaşlı qardaşı Məhəmməd həmin vaxt məktəbdə olub.

İttihama əsasən, Əhməd Əhmədov mətbəx bıçağı ilə atasını qətlə yetirəndən sonra Mehman Əhmədovun “Hyundai” markalı avtomobili ilə Günəşli qəsəbəsində yaşayan bacısı, 1997-ci il təvəllüdlü Elmira Əhmədovanın yaşadığı mənzilə gedib. Əhməd Əhmədovun ifadəsinə görə, o, mənzilə çatan kimi, bacısını və onun 5 yaşlı qızı Ülviyyəni də öldürüb.

Bundan sonra o, avtomobillə geri – valideynlərinin yaşadığı evə qayıdıb. Onun ifadəsinə əsasən, günorta saat 15.00 radələrində həyətdəki “Al Market”dən siqaret almaq istəyib:

“Amma əlimdə qan gördülər, mənə siqaret satmadılar. Marketdən çıxanda gördüm ki, anam və qardaşım Məhəmməd yaşadığımız evə gedirlər. Anamla mübahisə elədim. Axırda dedi ki, “çıx get, bizi çox incidirsən”.

Onun ifadəsinə görə, anası və qardaşı binaya tərəf gedib, özü isə “1001 xırdavat” mağazasından balta alıb. Daha sonra anasıgilin ardınca binaya qalxıb, qapını açmaq istəyən anasını balta ilə vurub:

“Bu zaman arxadan qonşu qadın dedi ki, niyə vurusan ananı? Onun üstünə qışqırdım. Sonra qardaşımı vurdum. Baltanı şkafla eyvanın arasında gizlətdim, paltarlarımı dəyişib çıxdım”.

Əhməd Əhmədov ifadəsində əlavə edib ki, binanın həyətində polis işçiləri olub, özünü şübhəli apardığı üçün onu saxlayıblar və Xətai rayonu, 35-ci polis bölməsinə gətiriblər.

Ana səhifəSosialAiləsinin 5 üzvünü öldürən şəxs cəzadan azad edilib