Ailəsini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov təcridxanaya qaytarılıb

Foto: Meydan TV

Onun psixi durumuyla bağlı yekun rəy hələ açıqlanmayıb

Anasını, atasını, azyaşlı qardaşını, bacısını və onun 5 yaşlı qızını öldürməkdə ittiham olunan Əhməd Əhmədovun anlaqlı olub-olmadığını müəyyənləşdirmək üçün o, fevralın sonunda Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülmüşdü. Bu qərarı Xətai Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında vermişdi.

Psixiatriya sahəsində mütəxəssislər onu müayinə edib, hadisəni törədərkən anlaqlı olub-olmadığı, eləcə də hazırkı psixi durumuyla bağlı rəy verməli idilər.

Meydan TV-nin məlumatına görə, Əhməd Əhmədovun psixi durumuyla bağlı ekspertizalar başa çatıb.

Əhməd Əhmədov martın 22-də Bakı İstintaq Təcridxanasına qaytarılıb.

Xəstəxanada Əhməd Əhmədovu bir neçə həkim müayinə edib.

Hər biri də ayrı-ayrılıqda rəy verib. Hələ ki yekun rəy hazır deyil.

Hazırda müxtəlif həkimlərin verdiyi rəylər müzakirə olunur.

Ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan 25 yaşlı Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və başqa maddələrilə ittiham irəli sürülüb.

Bu maddələrlə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hadisə fevralın 13-də axşam saat 16.30 radələrində baş verib.

İttihama görə, Əhməd Əhmədov paytaxtın Günəşli qəsəbəsində yaşayan bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun 5 yaşlı qızını balta ilə qətlə yetirib.

O, daha sonra Xətai rayonu, Əhmədli qəsəbəsində valideynlərinin yaşadığı evə gəlib.

Öncə evdə olan atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədovu balta ilə öldürüb.

Daha sonra anası Bikə Əhmədova və 9 yaşlı qardaşı Məhəmmədin gəlməsini gözləyib.

Ana və uşaq birlikdə gələndə onların da eyni üsulla öldürüldüyü bildirilir.

Qətlə yetirilən 47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.

Qohumlarının verdiyi ilkin məlumatlara görə, Əhməd Əhmədovun psixi problemləri vardı.

Bu üzdən onun əvvəllər xəstəxanada müalicə aldığı, davamlı şəkildə dərmanlar qəbul etdiyi bildirilir.

Ana səhifəSosialAiləsini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov təcridxanaya qaytarılıb