Ailəsi: Nardaran məhbusu ağzını tikib, aclıq edir

Həmin vaxt T.Bağırzadə və digərləri ilə birlikdə onu da tutub aparıblar.

Foto: Meydan.TV


Cahad Babakişizadə ailəsinə həbsxanada onlarla qul kimi rəftar edildiyini deyib

Nardaran hadisələri zamanı həbs olunan və Qobustan həbsxanasında saxlanılan Cahad Babakişizadənin beş gündür aclıq etdiyi, ağzını tikdiyi iddia olunur. Nardaran məhbusunun yaxınları Meydan TV-yə bildirib ki, avqustun 26-da C.Babakişizadə ailə üzvlərilə telefonla danışanda həbsxanada vəziyyətin dözülməz olduğunu, heç bir əsas olmadan cərimə təcridxanasına salındığını, işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qaldığını deyib.

“Dedi ki, haqsızlıq, özbaşınalıq pik həddə çatıb. Həbsxana rəhbərliyi adamlarla elə davranır, sanki dustaq yox, düşməndilər, quldular. Məhbuslar telefonla danışanda kənardan qulaq asırlar. Cahad da buna görə də dedi ki, əgər telefon danışığı kəsilsə, bilin ki, aclığa başlayacam, ağzımı da tikəcəm. Çünki istəmirlər orada baş verənlər kənara çıxsın. Elə Cahad heç bir əsas olmadan “kars”a salınmasından danışan yerdə danışıq kəsildi. Bir gün sonra xəbər tutduq ki, Cahad aclıq edir, üstəlik, ağzını da tikib. Görün adamı hansı həddə çatdırıblar, necə incidirlər ki, bu addımı atmaq məcburiyyətində qalıb”, – deyə Nardaran məhbusunun yaxınları bildirib.

Penitensiar Xidmət isə 24 yaşlı C.Babakişizadənin beş gündür aclıq etməsi, ağzını tikməsi haqda məlumatı nə təsdiq, nə də təkzib edib. Qurumun mətbuat xidmətindən bildirilib ki, məhbusun yaxınlarının nədənsə şikayəti varsa, Penitensiar Xidmətə rəsmi şəkildə müraciət etsə, məsələ araşdırılar.

C.Babakişizadənin yaxınları həmçinin onun səhhətində problemlər olduğunu bildirir. DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin 2015-ci il noyabrın 26-da Nardaranda keçirdiyi əməliyyatda Cahad da xəsarət almışdı – ona sinəsindən bir güllə dəymişdi. Yaxınlarının sözlərinə görə, Cahad əməliyyat olunub güllə çıxarılsa da, onun fəsadlarından bu gün də əziyyət çəkir: “O vaxtdan ciyəri zədələnib…”

Cahad-Babakişizadə.jpg
Cahad Babakişiza

1997-ci il təvəllüdlü C.Babakişizadə ilahiyyatçı Taleh Bağırzadə və digərləri ilə birlikdə həbs olunub. Həbs olunanda 18 yaşı var idi. O, əməliyyatın keçirildiyi, Əbülfəz Bünyadova məxsus evin qonşuluğunda yaşayır. Məhkəmədə bildirib ki, 2015-ci il noyabrın 26-da əməliyyat keçiriləndə evdə olub. Küçədən səs-küy gəldiyini eşidib və nə baş verdiyini öyrənmək üçün o tərəfə gedib. Hasara çıxıb baxanda isə polislərin atdığı güllələrdən biri ona dəyib. Həmin vaxt T.Bağırzadə və digərləri ilə birlikdə onu da tutub aparıblar.

Ona qarşı da terrorçuluq, qəsdən adam öldürmə, qanunsuz silah-sursat saxlama, dövlət çevrilişinə cəhd ittihamları irəli sürülüb. C.Babakişizadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 14 il 6 ay azadlıqdan məhrum edilib.

C.Babakişizadənin Qobustanda – həbsxana rejimində saxlanma müddəti 2021-ci ilin oktyabrına qədərdir. Bundan sonra o, cəzasının davamı çəkmək üçün cəzaçəkmə müəssisəsinə köçürülməlidir.

Ana səhifəSiyasətAiləsi: Nardaran məhbusu ağzını tikib, aclıq edir