Ailə üzvlərini öldürməkdə ittiham olunan Əhməd Əhmədov ifadə verməkdən imtina edib

Əhməd Əhmədov. Foto: Meydan TV

O özünü ailə üzvlərini öldürməkdə təqsirli bilib

Ailəsinin 5 üzvünü – anası, atası, azyaşlı qardaşı, bacısı və onun 3 yaşlı qızını qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun işi üzrə məhkəmə istintaqı başlayıb.

İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesində prokurorluğun Əhməd Əhmədovla bağlı qərarı açıqlanıb.

Qərarı prokuror Ziya Mansurov elan edib.

Qərarda Əhməd Əhmədovun özü barədə məlumatlar, qətl hadisələrinin necə baş verməsi əksini tapıb.

Qərara əsasən, uşaqlıqdan psixi durumunda problemlər olan Əhməd Əhmədov hazırda da şizofreniyadan əziyyət çəkir.

O, orta məktəbdə 9-cu sinfə qədər təhsil alıb, sağlamlığındakı problemlərlə əlaqədar hərbi xidmətə də aparılmayıb.

Lakin Əhməd Əhmədov Moskvada fəaliyyət göstərən universitetlərdən birinin məzunudur.

O, istintaq zamanı ifadəsində ailə üzvlərini öldürməsinin səbəbini yaxınlarının ona qarşı diqqətsizliyi ilə izah edib.

Qərarda o da yazılıb ki, o, valideynlərindən ayrı yaşayıb, çünki onun üçün ayrıca mənzil alıblar.

Hadisə günü – fevralın 13-də atası Mehman Əhmədov onu öz evinə gətirib. Atası səhər yeməyi hazırlayanda onu öldürmək qərarına gəlib. Bu zaman evdə onların ikisindən başqa heç kim olmayıb.

Qərarda yazılanlara əsasən, Mehman Əhmədovu öldürəndən sonra oğlu onun avtomobilini götürərək bacısı Elmiranın evinə gedib. Evə çatan kimi də onu öldürüb. Daha sonra bacısının 3 yaşlı qızını öldürmək istəyəndə əlindəki bıçaq sınıb. Lakin evin mətbəxindən başqa bıçaq götürərək uşağı da qətlə yetirib.

Daha sonra yenidən valideynlərinin yaşadığı evə qayıdıb.

Qərarda o da yazılıb ki, o, binaya qalxmamışdan əvvəl mağazaya girib, siqaret almaq istəyib. Bu zaman satıcı əllərinin qanlı olduğunu görüb, ona siqaret satmayıb.

Elə marketdən çıxanda anası və 9 yaşlı qardaşının evə tərəf gəldiyini görüb. Həmin vaxt yaxınlıqdakı mağazadan 20 manata balta alıb və evə gedərək, onları da qətlə yetirib.

Məhkəmədə məlum olub ki, Əhməd Əhmədov əvvəl ofisiant kimi fəaliyyət göstərib, daha sonra valideynlərinin aldığı avtomobillə taksi sürüb.

İstintaq zamanı keçirilən ekspertizalar Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olması barədə rəy verib.

Ekspertlər həmçinin onu cəmiyyət üçün təhlükəli hesab edib, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair icraat başlanıb.

O, Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib.

Prokuror qəırarı elan edəndən sonra hakim Səbinə Məmmədzadə Əhməd Əhmədovdan ittihama münasibətini soruşub.

O bildirib ki, yazılanları qəbul edir, özünü təqsirli bilir. Etiraf edib ki, yaxınlarını özü qətlə yetirib.

Daha sonra hakim ondan ifadə vermək istəyib-istəmədiyini soruşub. Əhməd Əhmədov deyib ki, ifadə vermək istəmir.

Məhkəmə prosesi iyulun 23-də davam edəcək.

Ailənin 5 üzvünün qətlə yetirildiyi hadisə fevralın 13-də paytaxtın Günəşli və Əhmədli qəsəbələrində baş verib.

Əhməd Əhmədovun bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun 3 yaşlı qızı Günəşlidə yerləşən evlərində qətlə yetirilib.

Əhmədli qəsəbəsində isə onun valideynləri – 1972-ci il təvəllüdlü Mehman Əhmədov, 1977-ci il təvəllüdlü Bikə Əhmədova və 9 yaşlı qardaşı Məhəmməd də eyni üsulla öldürülüb.

47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.

Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham verilib.

Onun barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişində iki dəfə psixiatrik ekspertiza təyin olunub. Hər ikisində Əhməd Əhmədovun anlaqsız olması barədə rəy verilib.

O, Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Məhkəmə araşdırmalardan sonra Əhməd Əhmədovun anlaqsız olduğu nəticəsinə gəlsə, onun cəzadan azad edilməsi və məcburi müalicəsi barədə qərar qəbul edilə bilər.

Ana səhifəSosialAilə üzvlərini öldürməkdə ittiham olunan Əhməd Əhmədov ifadə verməkdən imtina edib