Ailəsi dövlət strukturlarında çalışan şəxs yüksək vəzifə aldı

Orxan Səttarov, Rəcəb Səttarov və İsmət Səttarov – Foto: ChatGPT

Orxan Səttarov Prezidentin mətbuat katibi təyin olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Orxan Rəcəb oğlu Səttarovun Prezidentin mətbuat katibi vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Orxan Səttarov bu təyinata qədər Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.

Səttarov dövlət idarəçiliyi və media sahəsində fəaliyyət göstərən ailənin üzvüdür. Onun atası Səttarov Rəcəb Məqsədoviç Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavinidir. Rəcəb Səttarov dövlət qulluğunda fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qardaşı İsmət Səttarov isə Azərbaycan Respublikası Audiovizual Şurasının sədridir. O, bundan əvvəl Region TV və ARB TV-də rəhbər vəzifələrdə çalışıb və Prezidentin Fəxri Diplomu ilə mükafatlandırılıb.

Rəsmi məlumatlara görə, Orxan Səttarov “CİBC GLOBAL” MMC-nin təsisçilərindən biridir. Şirkətin ingilisdilli “ANEWZ” adlı media layihəsinin təsisində iştirak etdiyi geniş araşdırmada öz əksini tapıb. Həmin platforma Azərbaycanla bağlı xəbərlərin beynəlxalq auditoriyaya çatdırılmasını hədəfləyir.

Orxan Səttarovun həyat yoldaşı Ülkər Eldar qızı Səttarova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorudur.

Anası Məlahət İsmət qızı Səttarova isə Birinci vitse-prezidentin Katibliyində çalışır və Mehriban Əliyevanın fəaliyyətinin təşkilinə dair sektorun rəhbəridir. Onun vəzifəsinə vətəndaş müraciətlərinin və qəbulların təşkili də daxildir. Məlahət Səttarova da dövlət qulluğundakı fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Bundan əlavə, kommersiya qurumlarının dövlət reyestrində yer alan məlumatlara əsasən, Məlahət Səttarova 2008-ci ildə qeydiyyatdan keçmiş “ARPIA” Mənzil Tikinti Kooperativinin qanuni təsisçilərindən biridir.

Ana səhifəTövsiyəAiləsi dövlət strukturlarında çalışan şəxs yüksək vəzifə aldı