Əbülfəz Qurbanlıya isə təzminat ödəniləcək
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 2-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edib.
Məhkəmə 2 ərizəçinin şikayətini qəbuledilməz hesab edib.
“Dəyanət Babayev və başqaları Azərbaycana qarşı” işində bəhs edilən hadisələr 2012-ci ildə baş verib.
Mediada siyasi motivlə həbs edildiyi iddia olunan M.M. və B.H.-nin işgəncəyə məruz qalması barədə məlumatların yayılmasından sonra ərizəçilər və başqa şəxslər işgəncə iddialarının araşdırılması və ona etiraz edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) binası istiqamətində yürüş keçirməyə cəhd ediblər.
Dinc aksiyaya əsasən mülki geyimdə olan polis əməkdaşları zor tətbiq etməklə müdaxilə edib.
Ərizəçilər də daxil olmaqla, ümumilikdə 17 etirazçı saxlanılıb, Yasamal Rayon Polis İdarəsinə aparılıb.
Birinci ərizəçi Dəyanət Babayev kiçik xuliqanlıqda günahkar bilinib, 50 manat cərimə olunub.
İkinci və üçüncü ərizəçilər, Ərzuman Məcidov və Əbülfəz Qurbanlı ictimai toplantıların keçirilməsi qaydalarını pozmada günahkar biliniblər.
Onların hər biri 10 manat məbləğində cərimə ödədikdən sonra sərbəst buraxılıblar.
Ərizəçilər AİHM qarşısında etiraz aksiyasının dağıdılması ilə bağlı milli qurumlardakı icraatların ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə müşayət olunduğunu, aksiyanın dağıdılmasının sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına zidd olduğunu iddia ediblər.
Avropa Məhkəməsi 1-ci və 2-ci ərizəçinin şikayətlərini daxili müdafiə vasitələrini tükəndirmədiklərinə görə qəbuledilməz elan edib.
AİHM bu hissədə qeyd edir:
“Kommunikasiya zamanı hökumət bildirdi ki, birinci və ikinci ərizəçi Bakı Apelyasiya Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli qərarından kassasiya şikayəti vermədikləri üçün daxili müdafiə vasitələrini tükəndirməyiblər”.
“Cavablarında ərizəçilər bildiriblər ki, onların hər üçü üçün məhkəmə xərclərini ödəyə bilmədiklərinə görə, yalnız üçüncü ərizəçi kassasiya şikayəti verib. Ərizəçilər daha sonra iddia ediblər ki, mövcud daxili müdafiə vasitələri effektiv olmayıb və buna görə də onların tükəndirilməsinə ehtiyac yoxdur”, – deyə qərarda qeyd olunur.
Məhkəmə qeyd edir ki, hazırkı işdə birinci və ikinci ərizəçi Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verməyiblər.
Onların maliyyə imkanlarının olmaması iddiasına gəldikdə, məhkəmə əvvəlcə qeyd edib ki, ərizəçilər daxili qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti vermək üçün hüquqi yardım üçün müraciət edə bilərdilər, lakin bunu etməyiblər.
Bundan əlavə, ərizəçilər onları bu hüquqi müdafiə vasitəsinə müraciət etmək tələbindən azad edən xüsusi halların mövcudluğunu nümayiş etdirməyiblər.
AİHM təkrar edir ki, mövcud daxili müdafiə vasitələrinin müvəffəqiyyət perspektivi və effektivliyi ilə bağlı şübhələr, mövcud hüquqi müdafiə vasitələrindən normal istifadə tələbindən imtina etmək üçün yetərli deyil.
Buna görə birinci və ikinci ərizəçiyə münasibətdə daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsinə görə ərizə rədd edilməlidir.
3-cü ərizəçi, Ə.Qurbanlının ərizəsinə gəlincə, AİHM hesab edib ki, onun sərbəst toplaşmaq hüquna müdaxilə baş verib.
Məhkəmənin qərarına əsasən, Ə.Qurbanlıya mənəvi zərər əvəzi 2000, xərc və məsrəflərə görə 500 avro təzminat ödənilməlidir.