AİHM “Azadlıq” radiosuna görə Rusiyadan 985 min avro tələb edir

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Məhkəmə medianın “xarici agent” adlandırılmasını söz azadlığının pozulması kimi qiymətləndirib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Azadlıq” radiosunun (RFE/RL) rus xidməti bürosunun (Radiosvoboda) Rusiyada “xarici agent” elan edilməsilə bağlı qərarını açıqlayıb.

Radionun lehinə qərar çıxaran AİHM Rusiya hakimiyyətinin Avropa İnsan Hüquqları Konvensiyasının söz və toplaşma azadlıqları ilə bağlı maddələrini pozduğunu bildirib.

Məhkəmə qərarına əsasən, Rusiya “Azad Avropa Radiosu/Azadlıq Radiosu”na dəyən maddi zərərə görə 955 min 440 avro və qeyri-maddi xərclərə görə 850 avro cərimə ödəməlidir.

“Azadlıq Radiosu”nun Moskvada bürosu keçmiş Rusiya Prezidenti Boris Yeltsinin dəvəti ilə 1991-ci ildə açılıb.

Rusiya hakimiyyəti tərəfindən “Azadlıq radiosu”nun rus bölməsinə dəfələrlə təzyiqlər olub.

Rusiyada internetin fəaliyyətinə nəzarət edən “Roskomnadzor” dövlət agentliyi “Azadlıq”nu hökümətin tələblərinə əmək etmədiyinə görə 2021-ci il aprelin 7-də 71,5 milyon rubl, yəni təqribən 1 milyon dollar cərimələyib.

“Roskomnadzor” tərəfindən radioda yol verilmiş qanun pozuntuları ilə bağlı 390 protokol tərtib edilib.

“Azadlıq Radiosu” rus xidmətinin baş direktoru Andrey Şarıy isə cərimədən 244 apellyasiya şikayəti verəcəklərini bildirib.

Radionun rusdilli layihələrinin 9 saytı, o cümlədən “Azadlıq” radiosunun Rus Xidmətinin saytları 2022-ci il martın 4-də Rusiyanın qonşu ölkəyə hərbi müdaxiləsi ilə bağlı məlumatları silməkdən imtina etdiyi üçün “Roskomnadzor” tərəfindən bloklanıb.

Federal Vergi Xidməti Rusiyada media korporasiyasının maraqlarını təmsil edən radionun məcburi müflisləşməsi tələbi ilə Moskva Arbitraj Məhkəməsinə müraciət edib.

“Azad Avropa/Azadlıq Radiosu” ilə bağlı 1040 qanun pozuntusu müəyyən edib ki, bununla məzmuna dair xəbərdarlıq rejiminə əməl etməkdən imtina edildiyinə görə 13,4 milyon dollardan çox cərimə nəzərdə tutulur.

Bundan əlavə, “Azadlıq” radiosunun 18 jurnalisti “xarici agent” kimi tanınıb.

Martın 4-də Prezident Vladimir Putinin imzaladığı yeni qanuna görə, bütün media Ukrayna ilə bağlı xəbərləri Rusiyanın yaydığı rəsmi məlumatlardan kənara çıxmamalıdır.

Əks halda Ukrayna ərazisinə hərbi müdaxilənin rəsmi şərhini şübhə altına alan hər bir jurnalistə 15 ilə qədər həbs cəzası nəzərdə tutur.

2023-ci il fevralın 9-da “Azad Avropa/Azadlıq Radiosu” Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) Rusiyanın “xarici agent” qanunlarına etiraz edərək, 2021-ci ilin mayında verilmiş iddianın mahiyyəti üzrə dinləmə tələbi ilə yekun yazılı ərizə təqdim edib.

Rusiya Ukraynaya hərbi müdaxilədən sonra “Amerikanın Səsi”, “BBC”, “”Deutsche Welle”, “Meduza” da daxil olmaqla xaricdən xəbərlər dərc edən bir sıra rusdilli saytları bloklayıb.

Rusiyada internet istifadəçiləri hələ də VPN xidmətləri vasitəsilə bloklanmış resurslara daxil olurlar.

Həmçinin bir sıra sosial şəbəkələr, video platformalar, messencerler də ölkədə bloklanıb.

Ana səhifəDünyaAİHM “Azadlıq” radiosuna görə Rusiyadan 985 min avro tələb edir