İqtisadçı deyir ki, Azərbaycanda elektrik və hibrid maşınlarına güzəştlər yetərli deyil
Son günlər Azərbaycanda ən çox müzakirə olunan mövzu – Aİ-92 və dizel yanacaqlarının qiymətinin bahalaşması ilə bağlıdır. Yerli media bu haqda məlumat paylaşır, bahalaşmanın olub-olmayacağı müzakirə edilir. Bəzi məlumatlarda hökumətə yaxın mənbələrə istinad edilir, lakin ad verilmir. Artımın 20 qəpik civarında olacağı gözlənilir. Aİ-92 və dizel yanacaqlarının ekoloji problemlər yaratdığı əsas gətirilir.
İqtisadçı Natiq Cəfərli deyir ki, Aİ-92 və dizel yanacağının qiymətinin artması üçün heç bir iqtisadi əsas yoxdur. İqtisadçı bildirir ki, Azərbaycan neft ölkəsidir, xammalı xaricdən almır:
“Üstəlik, yerli istehsalı var, neftin qiyməti dünya bazarında ilin əvvəlindən bəri artmayıb. 80-85 dollar koridorunda sabitləşib. Dəb olan “ekoloji problemlər” mövzusunu işin içinə qatıb, qiymət artımına “qlamur” don geydirmək də doğru deyil. Ekoloji həssaslığımız, avtomobil parkını yeniləmək istəyimiz, elektrik və hibrid maşınlara keçidi sürətləndirmək arzumuz varsa, o zaman geniş təşviq proqramı qəbul edilməli, keçid orqanik və təbii yolla baş verməlidir”.
Natiq Cəfərlinin fikrincə, bu gün Azərbaycanda elektrik və hibrid maşınlarına güzəştlər yetərli deyil, son 3 ildə istehsal olunan avtomobillərə şamil edilir:
“Yeni avtomobillər isə bahadır, vətəndaşın alım gücünə uyğun deyil. Elektrik avtomobillərinin iş prinsipi eynidir – 10 il əvvəl buraxılan da, dünən istehsal edilən də eyni prinsiplə işləyir. O zaman niyə il məhdudiyyəti qoymalıdır ki?! İllah məhdudiyyət istəyirsinizsə, yürüş məsafəsi ilə tənzimləmək olar. Məsələn, 100 min km yürüşə qədər olan elektrik avtomobillərinə 0 rüsum, 0 vergi, 0 aksiz tədbiq edin, camaat da alsın, gətirsin”.
Natiq Cəfərli deyir ki, lap elektrik avtomobilləri artdı, yaxşı, buna uyğun infrastruktur varmı, niyə yaradılmır, artmır?
“Regionlarda, ümumiyyətlə infrastruktur yox dərəcəsindədir – bütün bunları edin, təşviqi gücləndirin, sonra deyin ki, məsələn, dizel ziyanlıdır, qiymətini qaldırırıq ki, ekologiyaya ziyan olmasın. Amma bu da məntiqli deyil – ölkədə aqrar sahə və logistika dizellə çalışır, siz elektriklə işləyən traktor, kombayn alacaqsız, yükdaşıma məsələsini necə həll edəcəksiniz?! Aqrar sektorda istehsal olunan mallarda maya dəyərinin 40%-ni, yük və sərnişin daşımalarda 20%-ə yaxınını yanacaq xərcləri tutur. Yaxşı, dizelin qiymətini artırdız, bəs düşünmürsünüz ki, aqrar məhsulların qiyməti artacaq, ərzaq bahalaşacaq?!”
İqtisadçı qeyd edib ki, qarşıdan seçkilər gəlir, ola bilsin seçkidən öncə qiymət artımları olmasın. Amma bu seçkilərdə hökumətə güclü və aydın şəkildə, “dəyişin, islahat aparın”, mesajını verməsək, kommunal xidmətlər, ictimai nəqliyyat, yanacaq – bir sözlə, hökumət tərəfindən tənzimlənən bütün sahələrdə qiymət artımı olacaq.
Hazırda Azərbaycanda Aİ-92 benzininin qiyməti 1 manat, dizel yanacağı isə 80 qəpikdir.
Hökumət nümayəndələri, o cümlədən Tarif Şurası Aİ-92 və dizelin bahalaşacağı ilə bağlı səsləndirilən iddialara, münasibət bildirməyib.