Ağsu sakini Fövqəladə Hallar Komissiyasının işindən narazıdır
“Zəlzələ olanda tavandan taxta qopub düşdü üstümə. Divarlar yarılıb, siçovullar evin içinə girib-çıxırlar. Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi isə deyir ki, yüngülvari təmir lazımdır. 70 ilin evi uçulub tökülür, bu adam isə deyir ki, elə-belə şeydir. Belə çıxır, ev başıma uçmalıdır ki, bunlar da hərəkətə gəlsinlər”.
Bu sözləri Meydan TV-yə Ağsu şəhəri, Heydər Əliyev küçəsi, ev 4 ünvanında yaşayan Gülarə Çoban qızı Məmmədova deyir.
Bildirir ki, zəlzələdən sonra qəzalı vəziyyətə düşən evi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya, ölkə başçısı İlham Əliyevə məktub yazıb:
“Məktubumun cavabı Ağsu Rayon İcra Hakimiyyətinə yönləndirildi. Onlar da bildirdilər ki, evinizə baxış keçirilib qərar veriləcək. Fövqəladədən gəlib baxdılar, başıma uçan evə təmir yazdılar. Ağsuda ancaq zəlzələdən zərərçəkmiş imkanlı adamların evlərini tikirlər. Onlardan müəyyən məbləğdə rüşvət alırar, evlərini tikirlər. Mənim o qədər pulum haradandır? Olsa, evimi özüm tikdirərdim. 58 yaşım var, xəstə, əlil adamam, 200 kiloyam, artıq çəkidən əziyyət çəkirəm. Sərbəst gəzə bilmirəm, bir əlimdə əsa, digərində də döşəməsilən ağacla hərəkət edirəm.
Fevralda zəlzələ olanda, az qaldı ki, ev başıma uçsun. Qardaşımgillə eyni həyətdə yaşayırıq, gəlib, oğlu ilə köməkləşib, məni bayıra çıxardılar. Aidiyyatı qurumlardan soruşuram, xəstə adamam, ev uçsa, altında qalıb ölsəm, kim cavabdeh olacaq?”
Gülarə Məmmədova deyir ki, hazırda evində yaşamaq olduqca təhlükəlidir. Lakin bununla belə, ümidini üzmür, gözləyir ki, bəlkə onun da evini təmir etdilər:
“Ev əvvəldən qəzalı durumda idi. Lakin bu son zəlzələdən sonra dərin yarğanlar yaranıb. Ev məngənəyə alınmışdı ki, uçmasın. Zəlzələdən sonra evin divarları daha da aralandı, sanki sürüşmə oldu. Ev içəridən uçdu töküldü. Qardaşım dedi ki, bu evdə yaşamaq təhlükəlidir, gəl, bizim evimizdə yaşa, razılaşmadım. Xəstə adamam, mənə istirahət, sakitlik lazımdır. Onlar da külfətdir, üstəlik, balaca nəvələri var. Ona görə razılaşmıram, deyirəm ki, sizinlə yaşaya bilmərəm.
Cavanlığımda xəstələndim, şok vəziyyətinə düşdüm. Bir sutkadan sonra ayıldım. Ailə qurmadım, hormonal dərmanlar içdim, beləcə kökəlmə getdi. Səhhətimdə bir çox problemim var. Əlil adamam, yeri gəlsə, kökumət mənə baxıcı ayırmalıdır. İkinci qrup əlil kimi 160 manat təqaüd alıram, onun yarıdan çoxunu hər ay aptekdə xərcləyirəm. Hələ bunun kommunalları da var. Qardaşımla, həyat yoldaşı mənə baxmasalar, bu damın altında kimsəzilikdən ölərəm. Yenə də ümidimi üzməmişəm, bəlkə insafa gəlib, mənim də evimi tikdilər”.
Ağsu Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsindən Meydan TV-yə bildirilib ki, təmirə yazılan evlərə ikinci dəfə baxış keçirilib, təkrar qiymətləndirilmə aparılacaq.
Bildirilib ki, şikayətçi evlərin siyahıya alınması və müvafiq tədbirlərin görülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Ağsu rayonundakı şöbəsinə təkrar müraciət etsin.