Ağsu sakini: Rayona gedən avtobus sürücüsü bizə kələk gəlir

”Yolboyu söyüş söyə-söyə maşını idarə edən sürücü, digər bir sərnişini yarıyolda düşürdü”

Source:
Ağsu şəhəri
Ağsu şəhəri


”Yolboyu söyüş söyə-söyə maşını idarə edən sürücü, digər bir sərnişini yarıyolda düşürdü”

“Regionlara sərnişin daşıyan avtobus sürücüləri, camaatın başına oyun açır. Gediş qiymətlərini süni şəkildə qaldırırlar. Bilet alırsan, götürmək istəmirlər və yalandan avtobus çatışmazlığı vəziyyətini yaradırlar”.

Bunu Meydan TV-yə Ağsu rayonu, Ülgüclü kənd sakini Ramilə Əzimova deyib. Şikayətçi söyləyir ki, bir neçə gün öncə Bakı Beynəlxalq Avtovağzalından Ağsuya gedən “06-BD-782” dövlət nömrə nişanlı “Ford” avtobusunun sürücüsünə yaxınlaşaraq, rayona getmək istədiyini bildirib:

“Maşın axtarmazdan əvvəl kassaya getdim, biletin qiyməti ilə maraqlandım, icraçı bildirdi ki, gedişhaqqı 3 manat 70 qəpikdir. Eşitmişdim ki, Ağsuya bəzən avtobus tapmaq çətin olur, ona görə bilet almağa tələsmədim. Avtovağzalda axtarıb, Ağsuya gedən maşın tapdım, sürücüyə dedim ki, bilet alım, gəlirəm. Cavabında qayıtdı ki, sənə bilet lazımdır, mən alım də. Dedim ki, yox, sadəcə, sizə görə deyirəm. Nə isə, bilet almadım, oturdum avtobusa. 1,5 saat gözləyəndən və maşına təxminən 8 adam minəndən sonra yola düşdük”.

Şikayətçi deyir ki, sərnişinlərin arasında iki azyaşlı uşağı olan gənc ailə də var idi. Maşın boş olduğu üçün onlar təxminən 5 yaşı olan uşağı yanlarındakı boş yerə oturdublar:

“Mənzil başına çatmağımıza 20 dəqiqə qalmışdı, sürücü yolda saxladı ki, çay içək. Sonra hamı maşına oturanda yolpulunu istədi. Məlum oldu ki, sürücü bizə kələk gəlib. Hamıdan 3 manat 70 qəpik əvəzinə 5 manat aldı. Çarəmiz nə idi? Yolu yarı etmişdik, hava da soyuq. Onun istədiyi 5 manatı məcburiyyətdən verdik. Sürücü gənc ailənin başçısının ona uzatdığı “əllilik”dən 5 manat da beş yaşında uşağın gedişhaqqını çıxdı. Bundan sonra sürücü ilə sərnişin arasında mübahisə düşdü. Sürücü müxtəlif bəhanələrlə özünü haqlı çıxarmağa çalışsa da, sonradan təhqirə keçdi. Maşında olan qadın və azyaşlı uşaqların yanındaca ağır söyüşlər söyüb, sərnişinin üzərinə şığıdı, ona əl-qol atmağa başladı. Ətrafdakılar araya girdi. Qarşı tərəf isə dava düşməsin deyə müqavimət göstərmədi. Yolboyu söyüş söyə-söyə maşını idarə edən sürücü, digər bir sərnişini Ağsu avtovağzalına aparmağa söz verdiyi halda, yarıyolda düşürdü, avtovağzala getmədiyini dedi. Qadının üzərinə çığıraraq, maşından düşməyini təkid etdi. Qadın da heç nə deməyib, düşüb getdi”.

Ramilə Əzimova bildirir ki, mənzil başına çatandan sonra fürsət taparaq, sürücünün idarə etdiyi maşının nömrəsini telefonuna çəkə bilib.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzalının ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Meydan TV-yə bildirildi ki, Avtovağzal rəhbərliyi bu kimi halların qarşısını almağa çalışır:

“Ağsu rayonu istiqamətində avtobuslar qeyri-müntəzəm işləyir. Onlar da böyük yox, kiçik avtobuslardır. Biz nə qədər məsələni düzəltməyə, tənzimləməyə çalışsaq da, sürücülərlə başımız bəladadır. Ona görə də sərnişinlərdən xahiş edirik, biletlərini özləri alsınlar. Çünki orada hamı daha çox pul qazanmağa can atır. Şikayətçi əlində bileti, hər hansı bir yanlışlıqla rastlaşıb, bizə müraciət edəndə, məsələni rəsmi şəkildə araşdırırıq. Bilet alınmayanda, ilk səhvi buraxan da elə sərnişin özü olur. Biz daşıyıcı şirkətlərlə işləyirik, yəni avtobuslar nəzarətimizdə deyil. Şikayətçinin müraciətindən sonra həmin xətt üzrə sərnişindaşımanın müdirini çağırdıq, danışdıq. Haqqında şikayət edilən sürücü daha avtovağzala buraxılmayacaq. Onun bizim şirkətlə olan müqaviləsi ləğv ediləcək.

Yaş həddinə gəlincə, bizdə 5-10 yaş arasında uşaqlar üçün oturacaqların yarı faizinin pulu alınır. Qucaqda gedən uşağa görə pul tələb edilə bilməz. Yaxud uşaq boş yerdə əyləşdirildiyi təqdirdə, sürücü mütləq gedişhaqqı ilə bağlı sərnişini məlumatlandırmalıdır”.

Ana səhifəBölgəAğsu sakini: Rayona gedən avtobus sürücüsü bizə kələk gəlir