Ağsu sakini: Burada camaat quldarlıq dövründə yaşayır

”On ildir su nədir bilmirik”

Source:


”On ildir su nədir bilmirik”

“Canımı vətən yolunda qoymuşam, amma qədir-qiymətimi bilən yoxdur. On il əvvəl bir ev verdilər, nə təmiri var, nə də suyu. Kombi quraşdırılıb, su olmadığı üçün işlədə bilmirik. Qışda ev elə soyuq olur, nəmişlikdən hər iki övladım revmatizm tapıb”.

Bunu Meydan TV-yə Ağsu rayonu, Mehdi Hüseynzadə küçəsi, ev 20, mənzil 10 ünvanında yaşayan keçmiş Qarabağ döyüşçüsü Musa Əliyev deyir.

Güzəranının ağırlığından şikayətlənən ikinci qrup əlil şəraitsiz evdə yaşamağı bir yana, səhhəti ilə əlaqədar artıq əmək fəaliyyəti ilə də məşğul ola bilmədiyini söyləyir:

“1992-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Qarabağ döyüşlərinə getdim. 21 yaşım var idi, sərhədboyu bütün döyüşlərdə olmuşam. İlk dəfə Murovdağda, sonra da Ağdam və Füzuli döyüşlərində yaralandım. Müddətdən artıq xidmətimə görə 350 manat təqaüd alıram, onunla da ailə dolandırmaq olmaz. 45 yaşım var, əvvəllər əlim iş tuturdu işləyirdim. İndi bədənimdəki qəlpələr oynayıb, hərəkət edə, yeriyə bilmirəm. Sinir ağrıları vurur belimə, tutulur, ikiqat qalıram”.

Musa Əliyevin gileyi, ona verilən ikiotaqlı mənzilin 10 il keçməsinə baxmayaraq, hələ də su ilə təchiz olunmamasınadır. O deyir ki, məsələ ilə bağlı hər həftə Ağsu Rayon İcra Hakimiyyətinə şikayətə gedir, amma heç bir faydası yoxdur:

“On ildir su nədir bilmirik. Su necə az gəlirsə, məcbur olub, nasos qoydum, yenə xeyri olmadı. Bu ərazidə olan bütün binalarda su çox güclü gəlir, amma mənim evimdə yoxdur. Dəfələrlə Ağsu Rayon İcra Hakimiyyətinə getmişəm, Qarabağ əlilini, vətən uğrunda yarımcan olan adamı heç vecinə alan yoxdur. Verdikləri evin nə təmiri var, nə də ki, suyu. Evi alayarımçıq təmir ediblər. Yağış yağanda da, suyun hamısı evin içindədir. Məcbur olub, “ceyran” sobası qoymuşuq, o da bütün otaqları isitmir. İcrada “Bu gün düzələcək”, “Sabah düzələcək”- deyib, yola verirlər. Keçən ilin iyun ayından qazı düzəltməyə gəlirlər. Hələ gəlib, çıxmayıblar”.

Musa Əliyev
Musa Əliyev

Musa Əliyev deyir ki, dəfələrlə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qəbuluna düşmək istəsə də, buna nail olmayıb. Onu rayon icra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva qəbul edib:

“İcra hakimiyyətində bir kişi tapılmadı, xanımı qabağa verdilər. İndi təzə fənd edirlər, gedən kimi qadın xeylağını bizimlə görüşə yollayır. Dekabrın 3-də Beynəlxalq Əlillər Günü bir kişi xeylağı tapmadılar ki, qarşımıza çıxarsınlar, problemlərimizi dinləsin. Balaca uşağın başını aldadan kimi, qabağımıza peçenye ilə çay qoydular. Yalandan da dedilər ki, narahat olmayın, hər şey düzələcək. Nə dedik, cavabı o oldu ki, hə, yaxşı. Orada nəsə qeydlər apardılar, amma elə orada da qaldı”.

“İcra başcısının özü ilə görüşmək istəyirik, deyirlər ki, cümə günü gəlin”, – şikayətçi söyləyir:

“Cümə günü gedirəm, baxıram, elə dərddə insanlar var ki, özümə deyirəm: əşi, cəhənnəm, gedim evimi birtəhər odunla isidim. Qoy bu adamlar qəbula girsinlər. Yəni, rayonda bu dəqiqə vəziyyət o dərəcədə acınacaqlıdır. Xarici qonaqlar 1800-cü illərə qayıtmaq istəyirsə, Ağsuya gəlmələri bəs edir. Hətta ondan da əvvəl. Burada camaat quldarlıq dövründə yaşayır. Rayonda bir padşah var, 2-3 bəy, 3-4 də əlaltısı, cəlladı. Bu rayonu onlar idarə edir. Camaat da bir qarın çörəkdən ötrü qırılıb-batır. Dərdimiz-sərimizlə maraqlanan yoxdur”.

Ağsu Rayon İcra Hakimiyyətinin ictimai -siyasi və hümanitar məsələlər şöbəsindən Meydan TV-yə bildirdilər ki, şikayətçi yazılı qaydada müraciət etməlidir:

“Şikayətçi ərizə ilə gələndə, ümumi şöbəyə daxil olur. Orada həmin şəxsin göstərdiyi şikayətlə bağlı hansı şöbə məsuldursa, ora istiqamətləndirilir. Qarabağ əlillərinə hər zaman xüsusi diqqət ayırmışıq. Hətta bugünlərdə əlillərlə görüş olub, İH-nin saytına da yerləşdilrilib, özünüz baxa bilərsiniz. Onların şikayətləri dinlənilib, yaxın zamanlarda baxılacaq”.

Ana səhifəBölgəAğsu sakini: Burada camaat quldarlıq dövründə yaşayır