Ağrıları ilə təkbətək qalan 20 Yanvar əlili

30 yaşı tamam olan gün – 20 Yanvar hadisəsi zamanı Sahil Əliyev 6 güllə yarası alıb. O, həmin gün baş verənlərdən xəbər tutmaqdan ötrü Sumqayıtdan Bakıya gəlmişdi. Yenidən həyata qayıtsa da, artıq heç nə əvvəlki kimi deyildi. Sağlamlığını itirdiyinə görə Sahil Əliyev bir də öz peşəsində elektrikçi kimi çalışa bilməyib. 30 il ərzində sərasər müalicə ilə yaşayan Sahil Əliyevə əvvəl üçüncü, sonra ikinci qrup əlillik təyin olunub. Ötən ilin fevralında isə pensiyası kəsilib. Komissiya üzvləri onun 63 yaşında sağaldığı qənaətinə gəliblər. İmtina mesajı aldıqdan sonra özü müayinələrə gedib. Həkim rəylərini toplayıb, yenidən müraciət edib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Sahil Əliyev ötən ilin iyulunda əyani müayinə edilib. Müayinə vaxtı göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşma öz təsdiqini tapmayıb. 32 il öncə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakıya ordu yeridib. Hadisə nəticəsində 130-dan çox şəxsin həlak olduğu, 700-dən çoxunun isə yaralandığı bildirilir. Yaralılardan biri olan Sahil Əliyev, indi ağrıları ilə təkbətək qalıb. Pensiyasının bərpa olunması üçün başqa nə edəcəyini bilmir.

Ana səhifəVideoAğrıları ilə təkbətək qalan 20 Yanvar əlili