Agentlik hüquqşünasın iddiasına cavab verdi: “Əsaslı faktlar aşkar edilməyib”

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi. Foto: Azərtac

Aynurə Muradovanın Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə görüşü qeydə alınıb

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Qida Sənayesi Kollecinin hüquqşünası Aynurə Muradovanın işdən çıxarılması iddiası və kollecdəki bir sıra qanun pozuntuları ilə bağlı söylədiklərinə münasiət bildirib.

Agentlikdən Meydan TV-nin sorğusuna cavab olaraq deyilib ki, Kollecin əməkdaşı Aynurə Muradovanın yazılı müraciətinə baxılıb.

“Aynurə Muradova həm də bir neçə dəfə vətəndaş qəbulunda iştirak edib. Araşdırma nəticəsində onun müraciətləri ilə bağlı əsaslı faktlar aşkar edilməyib”, – Agentliyin açıqlamasında deyilir.

Həmçinin qeyd olunub ki, Aynurə Muradovanın təkrar müraciəti əsasında rəhbərliklə görüşü qeydiyyata alınıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki Qida Sənayesi Kollecinin hüquqşünası Aynurə Muradova Meydan TV-yə yenidən işdən çıxarılma təhlükəsi ilə üz-üzə olduğunu deyib.

Dediyinə görə, 2023-cü ilin yanvarında kollecdə keçirilən imtahanlar zamanı köçürmələrlə bağlı görüntüləri sosial şəbəkələrdə paylaşandan sonra əvvəlki direktor Vilayət İsmayılov, tədris işləri üzrə müavin Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə müavin Sevinc Həmzəyeva şikayətlərdən sonra onunla ədavət aparmağa başlayıb.

Foto: Aynurə Muradovanın şəxsi arxivindən

Vətəndaş iddia edib ki, kollecin yeni direktoru Sevinc Həmzəyeva onu işdən çıxarmağa çalışır.

“Qida Sənayesi Kollecində fəaliyyətə başladığım gündən rəhbərlik mənə qarşı qərəzli mövqedə olub. Çünki mən onların etdikləri saxtakarlıqları, dediklərini hüquqşünas kimi yerinə yetirmirdim. Onların saxta işlərinə şərik olmurdum. Direktorla bərabər barəsində şikayət etdiyim Sevinc Həmzəyevanı yeni direktor təyin ediblər. Bu, Kollec kollektivindən xeyli müddət gizlədilib. Çünki Sevinc Həmzəyeva əvvəlki direktor Vilayət İsmayılovun öz adamıdır. O, öz adamını qoydu ki, Kollecdə yoxlama aparılmasın”

“Hər gün işə gəlib, kukla kimi otururam, heç bir iş görmürəm, çünki vəzifələrimi alıblar. Çay içirəm, yeməyimi yeyib çıxıb evimə gedirəm. Heç nəyə qarışmaq hüququm yoxdur. Bunlar mənə qurğu qururlar. İşdə olduğum halda adım bütün əmrlərdən çıxarılırsa, görünür, məni işdən çıxarmağa hazırlaşırlar”, – Aynurə Muradova deyib.

Qida Sənayesi Kollecindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSosialAgentlik hüquqşünasın iddiasına cavab verdi: “Əsaslı faktlar aşkar edilməyib”