“Odun satanlar materialı haradan tapırlar?”
Ağdaşın hələ də odundan yanacaq kimi istifadə edilən kəndlərində sakinlər çıxılmaz vəziyyətlə üzləşdiklərini deyirlər. Odun bahalaşıb, 4-5 nəfərlik bir ailənin qışda qızınması təxminən 800 manata başa gəlir.
Kəndlilər Meydan TV-yə bildiriblər ki, odun almağa pul yoxdur, ağacların kəsilməsinə isə icazə verilmir.
Ağdaşın Kotavan, Xınaxlı, Ağzıbir, Qaraoğlan kəndləri bir-birinə yaxın məsafədə yerləşir. Sakinlər deyirlər ki, su çatışmazlığından nə heyvandarlıq, nə də əkinçiliklə dolanmaq mümkündür.
Sakinlərdən Vilayət Məmmədov bildirib ki, həyətdə ağac, evdə mebel qalmayıb, hamısını doğrayıb yanacaq kimi istifadə ediblər:
“Kənddə elə ailələr var ki, ayda bir dəfə evinə ət girmir. Yumurta, meyvə satmaqla dolanan ailə üçün 800 manat böyük məbləğdir. Qışda soyuqdan bir otağa yığışırıq, qarlı gecələrdə odun da evi isitmir”.
Məmmədov bildirib ki, kənddə bir-iki nəfər öz sahəsindəki ağacların budaqlarını qırıb, dərhal gəlib cərimə yazıblar. Meşələrdə də heç olmasa qurumuş ağacları doğramağa icazə vermirlər. Bir yandan cərimə qorxusu, bir yandan da uşaqların soyuqdan donması, kəndliləri çıxılmaz duruma salıb.
Şikayətçilər deyiblər ki, bu yaxınlarda odunun bahalığından narazılıq edən bir qrup sakin yolu bağlamağa cəhd edib. Bundan sonra onlara meşədən qurumuş budaqları toplamağa icazə veriblər. Xınaxlı, Kotavan kəndlərinin sakinləri isə yenə kənarda qalıblar.
“Tezliklə qaz çəkilişinə ümidimiz yoxdur, heç olmasa odunun qiymətlərində güzəşt etsinlər. Odun satanlar materialı haradan tapırlar? Kəndlilərə də qurumuş ağacları götürməyə icazə verilsin”,-şikayətçilər deyiblər.
Kotavan kənd icra nümayəndəsi Mürşüd Şükürov Meydan TV-yə odunun bahalaşdığını, kəndlərdə isə qazın olmadığını təsdiqləyib. O bildirib ki, odunun bir kubu 25 manatadır, bu da bir çox kəndlilər üçün yüksək məbləğdir:
“Bir kub iki-üç günə bəs edir. Qaz çəkilsə, kəndlilərin işi xeyli asanlaşar. Meşələri, ümumiyyətlə, ağacları kəsmək qadağandır”.
Ağdaş Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, qaz olmayan kəndlərə mərhələlərlə qaz çəkiləcək. Lakin həmin kəndlərin nə vaxt siyahıya düşəcəyi ilə bağlı vaxt söylənilməyib.