Ağadadaş Ağayevin məhkəməsi başlayır: ittihamda 5 ilə qədər həbs cəzası var

Foto: Ağadadaş Ağayevin “Youtube” səhifəsi

Xalq artisti xuliqanlıqda ittiham olunur

Xalq artisti, müğənni Ağadadaş Ağayev yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.

Binəqədi Rayon Məhkəməsində onunla bağlı cinayət işi işi üzrə məhkəmə prosesi başlayır.

Xuliqanlıqda təqsirləndirilən müğənninin işini araşdırmaq hakim Vüsal Tağıyevə həvalə olunub.

Məhkəmənin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib.

Ağadadaş Ağayevə qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xalq artistinin işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb: Nurəddin Cəlilov və Nəzakət Paşayeva.

Nurəddin Cəlilov “Medera Hospital”ın gözətçisi, Nəzakət Paşayeva da klinikanın işçisidir.

Nurəddin Cəlilov iddia edir ki, iyulun 22-də səhər saat 7 radələrində gözətçi işlədiyi klinikaya müraciət edən Ağadadaş Ağayev onu söyüb, balta ilə hədələyib.

Onun sözlərinə görə, müğənni baltanı ona tərəf atanda orada çalışan Nəzakət Paşayevanın ayağına dəyib.

68 yaşlı müğənni isə əksinə, gözətçinin onu təhqir etdiyini, yerə yıxıb döydüyünü bildirir.

Cinayət işinin materiallarına klinikanın müşahidə kameralarının qeydə aldığı videogörüntülər də əlavə olunub.

Həmin görüntülər hadisədən sonra sosial şəbəkələrdə də yayılmışdı.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Ağadadaş Ağayev “Medera Hospital”ı mülki qaydada da məhkəməyə verib.

Xalq artistinin klinikaya qarşı iddiasına da Binəqədi rayon Məhkəməsində baxılacaq.

Sözügedən məhkəmə prosesi isə oktyabrın 23-də keçiriləcək.

Ana səhifəXəbərlərAğadadaş Ağayevin məhkəməsi başlayır: ittihamda 5 ilə qədər həbs cəzası var