Vəkil: “Məhkəmə ədalətsiz, birtərəfli qaydada aparıldı”
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 2023-cü ilin sentyabrından həbsdə olan ictimai fəal Afiəddin Məmmədov 8 il azadlıqdan məhrum edilib.
Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Bu hökmü Səbuhi Hüseynovun sədrlik etdiyi, Eldar İsmayılov və Cavid Hüseynovdan ibarət hakimlər kollegiyası çıxarıb.
Hökmə əsasən, Afiəddin Məmmədov Səfər Hüseynov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə təqsirli bilinib. Lakin onun vəkili Zibeydə Sadıqova bildirib ki, Afiəddin Məmmədov təqsirsizdir və məhkəmə prosesində də ona qarşı ittihamla bağlı heç bir mötəbər sübut ortaya qoyulmadı.
Vəkilin sözlərinə görə, Səfər Hüseynovun bıçaqlandığı iddia edilən ərazidə çoxsaylı videokameralar var. Əgər, həqiqətən, elə bir hadisə baş vermiş olsaydı, istintaq orqanı, məhkəmə bircə görüntü ortaya qoyardı. Lakin müdafiə tərəfinin çoxsaylı vəsatətlərinə baxmayaraq, hadisənin baş verdiyi iddia edilən vaxta aid görüntüləri almaqdan imtina edildi:
“Məhkəmə ədalətsiz, birtərəfli qaydada aparıldı. Tərəflərin bərabərliyi prinsipi pozuldu, vəsatətlərimiz təmin olunmadı. Prokuror ittiham aktını təkrarlamaqla Afiəddin Məmmədova 10 il azadlıqdan məhrumetmə cəzası istədi”.
Daha sonra Afiəddin Məmmədov məhkəmədə son sözünü deyib.
O bildirib ki, 14 yaşından müxtəlif sahələrdə işləyib, ədalətsizliklərlə heç vaxt barışmadığına görə sonda iş yerini itirib.
2020-ci ildən başlayaraq, onun kimi düşünən, hüquqları pozulan işçilərin səsi ola biləcək şəxslərin toplaşdığı təşkilat qurmaq qərarına gəlib.
2022-ci il martın 1-də “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasını yaradıb, onun vasitəsilə hüquqları pozulan işçilərin problemlərini işıqlandırıblar, bu sahədəki qanunvericilikdə olan boşluqları, insanlara yaradılan çətinlikləri ictimailəşdiriblər.
“Məqsədimiz işçi istismarının qarşısını almaq idi. Amma hakimiyyət bizim addımlarımızı düşmənçiliklə qarşıladı. Bizə qarşı repressiyalar, işgəncələr başladı. “Xalqımız insan kimi yaşasın” deyən bizlərə divan tutdu. Təşkilatdakı 3 mübarizə yoldaşımı narkotiklə şərlədilər. Məni bundan əvvəl 3 dəfə inzibati qaydada həbs eləmişdilər. İndi də kimisə bıçaqlamaqla şərlədilər. 34-cü polis bölməsində əllərimi arxadan qaldallayıb, əlimə bıçaq verdilər ki, bıçaqda əl izlərim yaransın. Həbsdə olduğum 16 ay ərzində bircə vəsatətimiz də təmin olunmayıb. Məhkəmə prosesləri ləyaqətsiz şəkildə keçirilir. Bu məhkəmədə araşdırma aparılmış, əksinə, cinayətlər ört-basdır edilir”, – Afiəddin Məmmədov bildirib.
İctimai fəal çıxışının sonunda əlavə edib ki, ona cəza istəyən prokurordan, hökm kəsən hakimlərdən fərqli olaraq, vicdanla yaşadığına görə ona veriləcək cəzaya görə narahat deyil, əksinə, ümidlidir. Hesab edir ki, zülmət səma aydınlanacaq: “Qızıl ulduz yaxınlaşır…”
2023-cü il avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri bir qrup moped sürən kuryerlə birlikdə polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib.
Etiraz aksiyası başa çatandan az sonra Afiəddin Məmmədov yaşadığı evin yaxınlığında həbs edilib, ona 30 sutka inzibati həbs cəzası verilib.
Daha sonra avqustun 4-də Elvin Mustafayev, bir həftə sonra isə Ayxan İsrafilov narkotik ittihamıyla həbs olunub.
Afiəddin Məmmədovun 30 sutkalıq cəzası başa çatandan sonra o, avqustun sonunda azadlığa buraxılsa da, sentyabrın 20-də yenidən həbs olunub.
Bu dəfə o, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yolda gedərkən mübahisə etdiyi Səfər Hüseynov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.
Afiəddin Məmmədov məhkəmədə ifadəsində bildirib ki, o, Səfər Hüseynov adlı şəxsi tanımayıb.
Onun sözlərinə görə, hadisə də ittihamda yazıldığı kimi, Məhəmməd Hadi küçəsində yox, yaşadığı evin blokundan çıxanda baş verib:
“Saat təxminən 5-ə 20 dəqiqə işləmiş evdən çıxdım. Toya gedəcəkdim. Blokdan çıxanda bir kişi mənə tərəf gəldi, yanında da qadın vardı. Yaxamdan yapışdı. Əlində bıçaq vardı. Əlindən bıçağı almağa çalışdım. Əvvəl başa düşmədim ki, nə istəyir, sonra anladım ki, təxribatdır, mənə qarşı da Samir Aşurovun başına gətirdikləri planı qurublar. Üzümdən yumruqla vurdu, burnum zədələndi, qan gəldi. Yerə yıxıldım, kürəyimdən də zədələndim. Ekspertizadan da keçmişəm. Bir də baxdım ki, bu, özü özünü vurur. Təxminən 3 dəqiqə sonra polislər gəldi”.
Afiəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən bədənə ağır xəsarət yetirmə-xuliqanlıq niyyətilə törədildikdə) və 221.3 (xuliqanlıq – silah və ya silah qismində əşyadan istifadə etməklə maddələrilə ittiham irəli sürülüb.
İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib.
O, avqustun sonunda 30 sutkalıq həbsdən buraxılandan sonra bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər.
O isə verməkdən imtina edib.
Buna görə orada işgəncəyə məruz qalıb.