Afət Fərmanqızı axtarışa verildi

Foto: Afət Fərmanqızının şəxsi arxivindən

“Tovuzdayam, məni axtaranlar bura gəlsin”

Binəqədi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın müğənni Afət Həsənova (Fərmanqızı) barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı növbəti iclas keçirilib.

Flora Kərimovanın vəkili Xavər Məmmədovanın qarşı tərəfin məhkəməyə məcburi qaydada gətirilməsinə dair vəsatət verdiyi bildirilir.

Vəsatət təmin olunub və müğənni barəsində həbs nəzərdə tutulmadan axtarış elan olunub.

Müğənni məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılıb.

Xalq artisti Flora Kərimova bu ilin martında Afət Fərmanqızını haqqında qeyri-etik ifadələr işlətdiyi üçün məhkəməyə verib.

“Mən xalq artistiyəm, sənətkaram. Afət Fərmanqızı mənim şərəf və ləyaqətimi təhqir edib. Həmçinin, ailə üzvlərim barəsində etik olmayan ifadələr işlədib. Ümid edirəm ki, məhkəmə mənim nüfuzumu və təhqir olunmağımı əsaslı hesab edəcək, ədalətli qərar verəcək”, – Flora Kərimova APA-ya açıqlamasında deyib.

Foto: APA

Flora Kərimova Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib.

İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.

Afət Fərmanqızı “İnstagram” səhifəsində məhkəməyə məcburi gətirilməsinə münasibət bildirib.

O, fotosunu paylaşaraq, “Hazırda Tovuzdayam, məni axtaranlar bura gəlsin”, – qeydini yazıb.

Qalmaqal Afət Fərmanqızının 2019-cu ildə İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlini mahnı kimi oxumasından sonra başlayıb.

Flora Kərimova müğənnini ifasına görə tənqid edib.

Afət Fərmanqızı da “İnstagram” səhifəsində Flora Kərimova ilə bağlı sərt fikirlər söyləyib.

Bu da tərəflər arasında qalmqalın yaranmasına səbəb olub.

Ana səhifəMədəniyyətAfət Fərmanqızı axtarışa verildi