ADO Avropa Məhkəməsinə şikayət etdi

Lakin hər iki qurum üç ilə yaxındır ki, məsələni həll etməkdən boyun qaçırır

Source: Foto: Meydan TV


ADO Avropa Məhkəməsinə şikayət etdi

Yerli məhkəmələrin heç biri teatrın şikayətini təmin etməyib

ADO teatrı küçə tamaşalarına qoyulan qadağa ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib.

Müraciətdə Avropa Konvensiyasının 10 (1) və 6 (1) maddələrində nəzərdə tutulan hüquqların pozulması iddia edilir.

Teatrın hüquqşünası Samirə Ağayeva bildirib ki, ADO-nun rəhbəri Elmin Bədəlov 2017-ci ildən etibarən Bakı şəhər İcra Hakimiyyətinə və Mədəniyyət Nazirliyinə müraciət edərək, küçə tamaşalarının nümayiş etdirilməsi ilə bağlı münasibət öyrənməyə çalışıb. Lakin hər iki qurum üç ilə yaxındır ki, məsələni həll etməkdən boyun qaçırır:

“Sonuncu müraciət 2019-cu il sentyabrın 17-də Bakı şəhər İcra Hakimiyyətinə göndərilib, lakin bu müraciətə heç bir cavab alınmayıb. 2019-cu ilin oktyabrında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “17 sentyabr 2019-cu ildə göndərdiyimiz müraciətə konkret və əsaslandırılmış cavab verilməsini cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair” qərar qəbul etməsini xahiş edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəsənin qərarı ilə ADO teatrının iddiası təmin edilib və müraciətə konkret, əsaslandırılmış cavab verilməsini Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınıb. Lakin bu qərarla razılaşmayan Bakı şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti təqdim edərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş edib. Bakı Apelyasiya Məhkəməsinin qərardadı ilə apelyasiya şikayəti təmin edilib, ADO teatrının xeyrinə qəbul edilən qərar ləğv olundu, teatrının iddiası mümkünsüz sayıldı”.

Vəkil qeyd edib ki, ADO teatrının Ali Məhkəməyə verdiyi kassasiya şikayəti də uğur gətirməyib. Ardınca Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib. Şikayətdə teatrın İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 10 (1) (özünü ifadə etmək azadlığı) və 6 (1) (ədalətli məhkəmə araşdırılması hüququ) maddələrində nəzərdə tutulan hüquqların pozuntusu iddia olunur.

ADO Teatrının kollektivi (Azərbaycan Dağınıq Oda) bu il martın 17-də icarəyə götürdüyü məkandan çıxmaq məcburiyyətində qalıb. Ofisin aylıq haqqını ödəyə bilməyən kollektiv məkanı boşaltmaq məcburiyyətində qalıb.

ADO Teatrı 2013-cü il iyulun 15-də aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır. Bir ildən çoxdur ki, Azərbaycanda pandemiya ilə əlaqədar teatrların fəaliyyətinə icazə verilmir.

Ana səhifəMədəniyyətADO Avropa Məhkəməsinə şikayət etdi