AbzasMedianın jurnalistəri məhkəmədə şüarlar səsləndiriblər

AbzasMedia – Kollaj: Meydan TV

Bu gün, sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində “AbzasMedia işi” üzrə həbs olunan jurnalistlərin barəsində verilən hökmdən apellyasiya şikayətinə baxılıb.

Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Məhkəmə şikayəti təmin etməyib, hakim Zəfər Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

AbzasMedianın qadın jurnalistləri məhkəmədə üzərində “Azad media susdurula bilməz”, “Jurnalistika cinayət deyil”, “Korrupsiyaya son”, “İlham Əliyev, gəlirlərini bəyan et” yazılı plakatlar qaldırıb, şüarlar səsləndiriblər. 

Məhkəmə işçiləri onların əlindən plakatları alaraq cırıblar.

“AbzasMedia işi”

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə AbzasMedianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.

Ana səhifəXəbərlərAbzasMedianın jurnalistəri məhkəmədə şüarlar səsləndiriblər