Hələlik səbəbi ilə bağlı məlumat verilmir
“AbzasMedia”nın direktoru Ülvi Həsənlidən noyabrın 20-dən səhər saatlarından xəbər yoxdur. Bu barədə “AbzasMedia”nın redaktoru Sevinc Vaqifqızı məlumat verib. O, Ülvi Həsənlinin həbs edildiyini ehtimal edir:
“Ülvi Həsənli noyabrın 20-dən bazar ertəsi günün ilk saatlarından itkin düşüb. O, gecə təyyarəyə minməli idi və evindən çemodanla çıxıb. Lakin təyyarədə olan digərlərinin sözlərinə görə, o, öz uçuşunu həyata keçirməyib. Telefonu hazırda söndürülüb və harada olduğu bilinmir”.
“AbzasMedia” kollektivi hesab edir ki, Ülvi Həsənli Azərbaycan Prezidenti İlham Əliyevin korrupsiya qalmaqalları ilə bağlı araşdırmalara görə həbs edilib:
“Vəkili ona nə çata, nə də tapa bilir”.
Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqovadır. Meydan TV-yə bildirib ki, Ülvi Həsənli hazırda Bakı şəhər Baş Polis İdarəsindədir.
“Nə səbəbə saxlanılması barədə mənə məlumat verilməyib. Hazırda ora getməyə hazırlaşıram. Həbsinin səbəbini araşdırıb, məlumat verəcəyəm”.
Vəkil daha öncə Binəqədi rayon Polis İdarəsi və Hava Nəqliyyatında Polis İdarəsi ilə əlaqə saxlayıb. Hər iki qurum Ülvi Həsənli barədə məlumatlarının olmadığını bildiriblər.
Meydan TV Ülvi Həsənlinin nə səbəbə saxlanması ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) məlumat ala bilməyib.
“Abzas Media” son zamanlar daha çox araşdırma materialları ilə tanınır. Media qurum Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı tez-tez araşdırmalar dərc edir.