“AbzasMedia işi” üzrə məhkəmə istintaqının yekunlaşdığı elan olunub

AbzasMedia. Photo collage: Meydan TV

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib

Bu gün, mayın 16-da “AbzasMedia işi” üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsində qurumun ofisində axtarış aparılan zaman istintaq tərəfindən qeydə alınan videogörüntülər nümayiş etdirilib.

Həbsdə olan “abzasçılar” görüntülərə baxış zamanı ofisə pulu qoyan şəxsin axtarış zamanı əməliyyat qrupunda olan, lakin adı yekun protokolda qeyd edilməyən polis olduğunu iddia ediblər və onun dindirilmək üçün məhkəməyə gətirilməsini tələb ediblər.

Vəkil Elçin Sadıqov əlavə edib ki, iş üzrə təqsirləndirilən Məhəmməd Kekalovun evində axtarış aparılan zaman 2 hal şahidi olub, onlar da dindirilməlidir.

Vəkil Ülvi Həsənlinin 2023-cü il noyabrın 20-si səhər saatlarında saxlanılarkən zorakılığa məruz qaldığını bildirib. Ancaq həmin gün onu hava limanına aparan taksi sürücüsü əksini iddia edib. Vəkil həmin sürücünün də məhkəmədə dindirilməsini tələb edib.

Hakim bunlar daxil olmaqla heç bir vəsatəti təmin etməyib.

Bundan sonra, vəkil Elçin Sadıqov Məhəmməd Kekalovdan soruşub ki, istintaq materialında onun kompüterindən sənədlərin çıxması barədə yazılanlar nə dərəcədə doğrudur? Kekalov isə bu iddianı rədd edib və onun kompüterində ümumiyyətlə sözügedən sənədlərin olmadığını bildirib.

Daha sonra, iş üzrə təqsirləndirilən iqtisadçı Fərid Mehralızadə çıxış edib. O bildirib ki, həbs olunanda müstəntiqlər onun əleyhinə ifadə olduğunu deyiblər. Amma iş materiallarında onun haqda bir dənə də sübut və ya ifadə yoxdur. Məlum olub ki, müstəntiqlər Məhəmməd Kekalovdan Mehralızadənin əleyhinə saxta ifadə almağa çalışıblar, o isə imtina edib. O, 7 aydır günahsız olaraq həbsdə saxlanıldığını bildirib.

Proses zamanı təqsirləndirilən Hafiz Babalı da məhkəmədə saxlanılması barədə danışıb. Jurnalist bildirib ki, istintaq materiallarında Bakı Şəhər Baş Polis İdarəsinə özünün gəldiyi və ifadə verdikdən sonra həbs edildiyi qeyd edilsə də, o, evindən işinə gedərkən, Azərbaycan Dəmiryol Vağzalında zorakılıqla saxlanılıb.

Daha sonra, hakim Rasim Sadıxov məhkəmə istintaqının yekunlaşdığı elan edib.

Prokuror Rauf Malışov çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi mayın 20-də davam etdiriləcək.

2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “AbzasMedia” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “AbzasMedia işi” çərçivəsində həbs edilib.

Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. 2024-cü ilin avqustunda isə “AbzasMedia işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış edirlər.

Ana səhifəSiyasət“AbzasMedia işi” üzrə məhkəmə istintaqının yekunlaşdığı elan olunub