“AbzasMedia işi” üzrə həbs olunanların vəkilləri məhkəmədə son sözlə çıxış ediblər

Fotokollaj: AbzasMedia

Saxlanılan altı nəfərin son sözü  növbəti məhkəmə prosesinə qalıb

Bakı Ağır Cinayətlər Məhkəməsində “AbzasMedia işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində “AbzasMedia işi” üzrə həbs olunanların vəkilləri müdafiə çıxışı ediblər, jurnalist Hafiz Babalı isə son sözünü deyib.

İş üzrə müdafiə çıxışı edən bütün vəkillər ittiham aktına və iddia olunan cinayət əməllərinə münasibətlərində bildiriblər ki, bütün ittihamlar qondarmadır. Vəkillər vurğulayıblar ki, bu ittiham aktı təqsirləndirilən Məhəmməd Kekalovun ifadəsi əsasında qurulub, ancaq o, məhkəmədəki çıxışlarında istintaqdakı ifadəsini təhdid altında uydurduğunu bildirib. Məhəmməd Kekalov bundan əvvəlki məhkəmə proseslərində istintaqdakı ifadəsindən imtina edib.

Vəkillər bildirib ki,  cinayət işi Kekalovun ifadəsi əsasında qurulsa da, Ülvi Həsənli ondan əvvəl həbs edilib. Onlar sual ediblər ki, istintaq Kekalovu həbs etməmiş və ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?

Eyni zamanda qeyd olunub ki, cinayət işi qaçamalçılıq ittihamı üzrə açılsa da, tutulanların heç biri ölkə sərhədini keçərkən qanunsuz əmlakla saxlanılmayıb və onların üzərlərindən, yaşadıqları mənzillərdən də bu cür maddi sübutlar aşkar edilməyib.

Vəkillər bildiriblər ki, cinayət işində təqsirləndirilən şəxslərin tamah məqsədilə qanunsuz sahibkarlıq və qanunsuz əmlakı leqallaşdırma cinayəti etdikləri qeyd olunub, ancaq, bu da absurddur.

Müdafiə tərəfi əlavə edib ki, “AbzasMedia”nın ofisində aşkar olunduğu bildirilən pul vəsaitini də, uydurma sənədləri də istintaq orqanı hazırlayıb. Cinayət işinin əhatə olunduğu 2020-2023-cü illərdə nə Hafiz Babalı, nə də Elnarə Qasımova ölkə sərhədlərini tərk edib.

Son olaraq vəkillər bildiriblər ki, nə ibtidai istintaqda, nə də məhkəmə istintaqında işin üzə çıxması üçün verilən heç bir vəsatət qəbul edilməyib. Onlar məhkəmədən ədalətli hökm gözləmədiklərini bildirsələr də, təqsirləndirilən şəxslərə bəraət istəyiblər.

Daha sonra hakim təqsirləndirilən şəxslərə son söz verib. Təqsirləndirilən şəxslərin əksəriyyəti növbəti prosesdə çıxış edəcəklərini bildiriblər. Araşdırmaçı jurnalist Hafiz Babalı isə son sözlə çıxış edib.

Daha sonra məhkəmə təxirə salınıb.

Növbəti məhkəmə prosesi iyunun 20-nə təyin olunub.

2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “AbzasMedia” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “AbzasMedia işi” çərçivəsində həbs edilib.

Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. 2024-cü ilin avqustunda isə “AbzasMedia işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış edirlər.

Ana səhifəSiyasət“AbzasMedia işi” üzrə həbs olunanların vəkilləri məhkəmədə son sözlə çıxış ediblər