“Bizə qarşı terrorda əməyi keçənlər tarix və ədalət məhkəməsi önündə cavab verəcəklər“
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AbzasMedia işi” üzrə keçirilən növbəti məhkəmə prosesində təqsirləndirilən şəxslər Nərgiz Absalamova, Məhəmməd Kekalov və Hafiz Babalı sərbəst ifadə veriblər.
İş üzrə həbs olunan Məhəmməd Kekalov sərbəst ifadəsində istintaq orqanının bütün ittihamlarını rədd edib və bildirib ki, ibtidai istintaqda verdiyi ifadələrin böyük hissəsini özündən uydurub.
Bundan sonra dövlət ittihamçısı Rauf Malışov Məhəmməd Kekalovdan ilkin ifadəsində beynəlxalq təşkilatlardan pul alması ilə bağlı dediklərinin doğru olub-olmadığını soruşub. Məhəmməd Kekalov isə bunu təkzib edib.
“Müstəntiqlər məni məcbur edirdilər ki, ad çəkim, nəsə danışım”
“İttiham aktında iddia olunur ki, layihə yazmışam və ya qrantlara müraciət etmişəm. Bu, yalandır, mənim bunların heç birindən başım çıxmır. Mən heç bir qrant almamışam və kimin də nə qədər pul almasından xəbərim yoxdur. “AbzasMedia”nın maliyyəsi hardandır, bu da məni maraqlandırmırdı. Niyə də maraqlandırmalı idi? Mən tərcüməçi idim və Ülvi Həsənli ilə birlikdə görüşlərdə tərcüməçi kimi iştirak edib ödəniş alırdım”.
O, ifadəsində bildirib ki, məcburiyyətdən istintaqda belə ifadə verməyə vadar olub:
“İstintaq dövründə ifadə alınanda dəfələrlə deyirdim ki, mənim heç nədən məlumatım yoxdur. Amma müstəntiqlər məni məcbur edirdilər ki, ad çəkim, nəsə danışım. Mən də məcburiyyətdən “Mirşahinin vaxtı” verilişində eşitdiyim beynəlxalq təşkilatların adlarını əzbərlədim və istintaqda özümdən uydurdum ki, guya bu təşkilatlardan pul almışıq. İstintaqda bu dediklərimin heç biri doğru deyil, mən bu məsələlər haqda məlumatsızam. Heç vaxt heç bir yerdən pul gətirməmişəm, pul gətirəni də görməmişəm. Sadəcə müstəntiqlər məndən əl çəksinlər deyə, uydurma şəkildə ifadə verməyə məcbur qaldım”.
Daha sonra dövlət ittihamçısı Məhəmməd Kekalova iş üzrə həbs olunan digər şəxslərlə əvvəllər tanış olub-olmamalarına dair sual verib. Kekalov cavabında bildirib ki, o, iş üzrə cəlb olunan jurnalistləri yalnız əlillər üçün təşkil etdiyi tədbirlərdə çəkiliş apardıqları zaman tanıyıb.

“Heç birilə xarici səfərlərdə olmamışam. Fərid Mehralızadə ilə sadəcə 1 dəfə ortaq bir tədbirdə qarşılaşmışıq. Bizim işimiz də və hətta otellərimiz də ayrı olub. Fərid Mehralızadə heç vaxt “AbzasMedia” ilə əməkdaşlıq etməyib”, – Kekalov məhkəmədə bildirib.
Növbəti mərhələdə digər təqsirləndirilən şəxslər və müdafiəçiləri suallar veriblər. Vəkil Rövşanə Rəhimli Məhəmməd Kekalovdan saxlanılan ilk 48 saatda niyə ondan imtina etdiyini soruşub. Məhəmməd Kekalov isə bu suallara cavab verməkdən imtina edib.
“AbzasMedia”nın direktoru, iş üzrə təqsirləndirilən Ülvi Həsənli Məhəmməd Kekalovdan 2024-cü ilin mart-aprel aylarında saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə köçürülüb-köçürülmədiyini soruşub.
Məhəmməd Kekalov bunu təsdiqləyib və 10 gün orda saxlanıldığını bildirib. Ülvi Həsənli hakimlərin nəzərinə çatdırıb ki, müstəntiqlər bu məlumatı da inkar ediblər. Məhkəmə qərarı olmasına baxmayaraq, Məhəmməd Kekalovun saxlanılmalı olduğu 1 saylı Bakı İstintaq Təcridxanasından Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə köçürülməsilə bağlı heç bir rəsmi sənəd iş materialına əlavə edilməyib.
Bundan sonra proses digər təqsirləndirilən şəxslərin ifadələrilə davam edib.
“Bizi pul yox, xəbər qaçaqmalçılığında suçlamaq olar”
“AbzasMedia” nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən Nərgiz Absalamova ifadəsində bildirib ki, onları pul yox, xəbər qaçaqmalçılığında suçlamaq olar.
“Bizi şəxsən İlham Əliyev həbs etdirib. Onun özünün və hökumətinin qanunsuz əməllərini ifşa etdiyimizə görə…”, – Nərgiz Absalamova belə deyib.

Jurnalist N.Absalamova bildirib ki, əgər onlar da Prezident İlham Əliyevin siyasətini tərifləməyə razılaşsaydılar, indi həbsdə olmazdılar:
“Bizdən bunu istəyirdilər. Bizsə araşdırdıqca onun dəhşətli korrupsiya əməllərini görürdük”.
N.Absalamova prokurorun suallarını cavablamaqdan imtina edib və bildirib ki, bu məhkəmə prosesi hüquqi yox, siyasi prosesdir, bu üzdən, cavab vermək istəmir.
“Bizim günahımız Azərbaycandakı həqiqətləri cəmiyyətə obyektiv çatdırmağımızdır”
“Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru, “AbzasMedia işinə görə təqsirləndirilən jurnalist H.Babalı isə ifadəsində qeyd edib ki, ona qarşı ittihamların əsasında yalnız M.Kekalovun ifadəsi dayanır. Kekalovsa həmin ifadələrindən məhkəmədə boyun qaçırıb:
“Bu cinayət işinin mahiyyəti Azərbaycan hakimiyyətinin despotik və kleptokratik xislətindən doğur. Vicdanı olan hər kəs bilir ki, bizim günahımız Azərbaycandakı həqiqətləri cəmiyyətə obyektiv, bəzək-düzəksiz çatdırmağımızdır. 1937-ci il repressiyalarını törədən canilər kimi, bizlərə qarşı terrorda əməyi keçən müstəntiqlər, prokurorlar, sifarişçilər də tarix və ədalət məhkəməsi önündə cavab verəcək”.

Hafiz Babalı saxlandığı Bakı İstintaq Təcridxanasında onunla bağlı qeydiyyat kitabçasında adının qarşısında “müxalifyönlü”, “bloger”, “şər-böhtana meylli” kimi ifadələrin yazıldığını da söyləyib. Belə ifadələrin gerçəyə uyğun olmadığını vurğulayan jurnalistin sözlərinə görə, bu, həm də həbsinin siyasi motivli olmasını sübut edir.
Növbəti məhkəmə prosesi aprelin 8-nə təyin edilib. Həmin prosesdə “AbzasMedia işi” üzrə həbs olunanlardan bu vaxta qədər sərbəst ifadəsi alınmayan “Azadlıq” radiosunun əməkdaşı Fərid Mehralızadənin dindiriləcəyi gözlənilir.
“AbzasMedia işi”
“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Əvvəl nəşrin təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, daha sonra baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. İstintaqın sonunda ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.
Hökumət təmsilçiləri isə həbs olunanların konkret faktlar əsasında cəzalandırıldıqlarını bildirirlər.