“AbzasMedia” bəyanat yaydı: “Meydan TV-nin yanındayıq”

Foto-kollaj: Meydan TV

“Əliyevin 21 illik prezidentliyi dövründə jurnalistlər ya öldürülüb, ya şantaj olunub, ya da saxta ittihamlarla həbs ediliblər”

“AbzasMedia” Meydan TV ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda Meydan TV-nin sosial-iqtisadi, siyasi və mədəni mövzularda peşəkar jurnalist materialları hazırladığı, həmçinin Prezident İlham Əliyevi, onun ətrafını, bir çox yüksək çinli məmurları əhatə edən korrupsiya araşdırmalarını dərc etdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Meydan TV buna görə də fəaliyyətinin bütün dövrlərində müxtəlif ağır təzyiq və təqiblərə məruz qalıb.

“İlham Əliyev 2003-cü ildə atasından hakimiyyəti ələ alandan sonra intensivləşən siyasi həbslər son illərdə ən pik həddə çatıb. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra tənqidçi media və vətəndaş cəmiyyəti ağır repressiyalarla üzləşib. Son bir ildə “AbzasMedia” və “Toplum TV” də daxil olmaqla, 20-dən çox jurnalist həbs olunub”, – bəyanatda deyilir.

Qeyd olunur ki, Azərbaycan Sərhədsiz Reportyorlar təşkilatının media azadlığı indeksində 180 ölkə arasında 164-cü yerə düşüb və təkcə Çin, Şimali Koreya, Türkmənistan və Əfqanıstan kimi ölkələri qabaqlaya bilib:

“İlham Əliyevin 21 illik prezidentliyi dövründə hakimiyyəti tənqid edən jurnalistlər ya öldürülüb, ya şantaj olunub, ya da saxta ittihamlarla həbs edilib. Hüquq mühafizə orqanları qanunvericiliyin onlar üçün nəzərdə tutduğu səlahiyyətlərdən korrupsiya hüquqpozmalarına qarşı yox, müstəqil medialara qarşı istifadə edir”.

“Biz Meydan TV-yə qarşı irəli sürülən ittihamların qondarma və əsassız olduğuna inanırıq, “AbzasMedia” olaraq Meydan TV-nin yanında olduğumuzu bəyan edir və jurnalist həmkarlarımızın dərhal azadlığa buraxılmasını tələb edirik”, – bəyanatda deyilir.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verəcək.

Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən “AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.

2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

2024-cü il mayın 31-də isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı “AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.

Daha sonra bu iş üzrə həbs edilənlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında siyasi məhbus kimi tanınan təqribən 300-dən artıq şəxs var.

Ana səhifəSiyasət“AbzasMedia” bəyanat yaydı: “Meydan TV-nin yanındayıq”