“Abzas Media” işi üzrə həbsdə olan 7 jurnalistin məhkəməsi başladı


Vergi Xidməti onlara qarşı mülki iddia qaldırıb

“Abzas Media” nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 nəfər jurnalistin məhkəməsi başlayıb. 

Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrliyilə, Novruz Kərimov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakimlər kollegiyası baxır.

Təqsirləndirilən 7 nəfər bunlardır: “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), direktor müavini Məhəmməd Kekalov, “Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı, eyni zamanda, Azadlıq radiosunun əməkdaşı Fərid Mehralızadə.

Dekabrın 17-də məhkəmənin hazırlıq iclası keçirilib. 

Məhkəmədə məlum olub ki, zalda prosesi izləməyə gələnlər üçün nəzərdə tutulan oturacaqların böyük bir hissəsi artıq kənar şəxslərlə doldurulub. 

İddia olunub ki, təxminən 20 nəfərə yaxın həmin şəxslər hakimlik üçün imtahan vermiş və təcrübə keçməyə gələnlərdir.

Təqsirləndirilən jurnalistlər buna etiraz ediblər:

“Zalı bilərəkdən doldurmusunuz lazımsız adamlarla, bizim yaxınlarımız, dostlarımız qalıb çöldə. Lazımsız adamlar çıxsın…”

Məhkəmə prosesini izləməyə gələn media nümayəndələrinin də iclasda iştirakına imkan verilməyib. 

Məlum olub ki, jurnalistlərin məhkəməyə buraxılmaması haqda göstəriş verilib.

Məhkəmə iclası başlayan kimi, jurnalistlərdən Sevinc Vaqifqızı məhkəmə tərkibindəki 3 hakimdən ikisinə etiraz edib. 

O bildirib ki, bu hakimlərin kimliyini araşdırıblar və Rasim Sadıxovla Novruz Kərimovun illərdir ki, siyasi sifarişlə hökmlər çıxardığını öyrəniblər.

Məhkəmə prosesinə sədrlik edən Rasim Sadıxova xatırladıb ki, o, 2014-2015-ci illərdə hüquq müdafiəçisi İntiqam Əliyevin işinə baxaraq, onun 7 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb:

“Hörmətli İntiqam müəllim həmin hökmü Avropa Məhkəməsində mübahisələndirib. Avropa Məhkəməsi Konvensiyanın 18-ci maddəsinin (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) pozuntusunu tanıyıb. Sizin siyasi sifarişlə hökm çıxardığınız sübut olunub. Siz azad iradə ilə qərar verəcək biri deyilsiniz”.

Sevinc Vaqifqızı vurğulayıb ki, Novruz Kərimov da vaxtilə Milli Təhlükəsizlik Nazirliyində (MTN) qanunsuzluqlarla məşğul olub, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim göndərilib və burada jurnalist Pərviz Həşimli də daxil olmaqla, müxtəlif şəxslər haqqında sifarişlə qanunsuz hökmlər çıxarıb:

“MTN-də o qədər qanunsuzluqlar baş verdi ki, adını dəyişib DTX qoydular. Novruz Kərimov da əvvəlki MTN-in, indiki DTX-ın işçisi olub. Bura hakim təyin olunandan sonra Pərviz Həşimlini həbsə göndərib. Bir çox başqa siyasi sifarişləri icra edib. Biz sizləri öz işimizdə görmək istəmirik”.

Üçüncü hakim – Leyla Əsgərova-Məmmədovaya gəlincə, jurnalist bildirib ki, onun haqqında məlumatı yoxdur: 

“Ümid edirəm ki, gənc yaşlarından özünü çirkaba, ədalətsizliyə bulaşdırmaz”.

Digər təqsirləndirilən şəxslər də Sevinc Vaqifqızının etirazını müdafiə edib. 

Fərid Mehralızadə deyib ki, ölkəyə belə hakimlər lazım deyil.

İki hakimə verilmiş etiraz təmin olunmayıb.

Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah olunub.

Hakim məlumat verib ki, Dövlət Vergi Xidmətinin əməkdaşı Ramil Abbasov mülki iddiaçı qismində çıxış edir. 

Bu qurum jurnalistlərə qarşı mülki iddia qaldırıb.

Məhkəmə zalında uzun şüşə kabinə var, iki yerə bölünüb. Bir hissə çox kiçikdir. Üç nəfər xanım jurnalist – Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova ora salınmışdı. 

Digər dörd nəfər isə şüşə kabinənin qalan hissəsinə yerləşdirilmişdi.

Vəkillər bu cür saxlanmanı qeyri-insanı rəftar kimi qiymətləndirib. 

Onlar təqsirləndirilən jurnalistlərin şüşə kabinədən çıxarılıb, vəkillərin yanında əyləşməsi barədə vəsatət qaldırıblar.

Deyiblər ki, bu həm insanlara münasibətdə düzgün rəftar deyil, həm də işin həcmi böyükdür, məhkəmə prosesinin gedişində vəkillə müvəkkilinin mütəmadi məsləhətləşməsinə ehtiyac yaranır.

Məhkəmə bu vəsatəti təmin edib – jurnalistlər vəkillərinin yanında əyləşib.

Daha sonra vəkillərin məhkəməyə elektron qaydada təqdim etdikləri vəsatətlər elan olunub. 

Vəsatətlər əsasən, cinayət işinə xitam verilməsi, bu olmasa, onların müvəkkillərinin hökmə qədər ev dustaqlığına buraxılması barədə idi.

Vəkil Cavad Cavadov bildirib ki, hüquqlarını müdafiə etdiyi Fərid Mehralızadənin “Abzas Media” işinə aidiyyəti yoxdur: 

“Onun özü də hesab edir ki, həbsi “Azadlıq” radiosu ilə əməkdaşlığıyla bağlıdır. Əgər icraata xitam verilməsə, xahişimiz budur ki, barəsində ev dustaqlığı və ya girov qətimkan tədbiri seçilsin. İstintaq bitib, qaçıb gizlənmək niyyətində deyil. Həbsdən əvvəl bank sektorunda işləyirdi. Ailəlidir, daimi yaşayış yeri var. Həbsindən sonra övladı dünyaya gəlib”.

Hafiz Babalının vəkili Rəsul Cəfərov da hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını söyləyib. 

Vəkil həmçinin Hafiz Babalının səhhətindəki problemlərə də diqqət çəkib: 

“Gözündəki problemlərlə əlaqədar III qrup əlildir. Sağ ayağında problemlər var. Ombudsman Aparatının cavabından da görünür səhhətindəki problemlər”.

Vəkil Fəxrəddin Mehdiyev təqsirləndirilən jurnalistləri “korrupsiyanı ifşa edən cəngavərlər” adlandırıb.

Şəhla Hümbətova, Rövşanə Rəhimli, Günay Cəfərova xatırladıb ki, hüquqlarını müdafiə etdikləri Nərgiz Absalamova, Elnarə Qasımova həbs olunmamışdan əvvəl iki dəfə istintaqa çağrılıb. 

Hər ikisində də vatında gediblər: “Əgər onun gizlədilməli nəyisə olsaydı, gizlənərdi, heç getməzdi”.

Sevinc Vaqifqızı vəsatətlərə münasibət bildirərkən məhkəmə zalında olan səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinə üz tutub:

“Burada diplomatik korpusun nümayəndələri var. Onla demokratik dəyərlərə sadiqd olduqlarını bəyan edirlər. Deyirlər ki, insan haqları onlar üçün vacib məsələdir. Elədirsə, o zaman sadəcə, İlham Əliyevə sözlə çağırış etməklə kifayətləşməsinlər, hərəkətə keçsinlər”.

Hafiz Babalı vəkillərin qaldırdığı vəsatətlərə münasibət bildirərkən deyib ki, məhkəmə qarşısında dayanan 7 nəfərin hamısı korrupsiyanı ifşa edən materiallara görə cəzalandırılıb:

“Biz korrupsiyaya qarşı araşdırmalar hazırlamışıq. Cəmiyyət bundan silkələnib ki, biz burada oturmuşuq. Bank hesablarımı yoxladılar, təmiz çıxdı. Mənim qaçaqmalçılıqda rolum yoxdur. Düzdür, 6 məqalənin müəllifiyəm. 35 ildir ki, mən bu işlə məşğulam, jurnalistəm. Mənim haqqımda həbs qərarı verilən məhkəmələrdə hər dəfə soruşanda müstəntiq deyirdi ki, sübut var? Nə oldu? Mənim ömrümdən bir il oğurladılar. Biz siyasi və hüquqi terrorun qurbanıyıq”.

Hafiz Babalı əlavə edib ki, qanunvericilik hakimə bilə-bilə qanunsuz qərarlar çıxarmağı qadağan edir: 

“Amma siz bilə-bilə bunu edirsiniz”.

Fərid Mehralızadə əlavə edib ki, “Abzas Media” müxtəlif şəxslərin korrupsiya əməllərini ifşa edirdi. 

Azərbaycanın hsüquq mühafizə orqanları korrupsiyaya yol berənləru yox, ifşa edənləri cəzalandırır.

Rasim Sadlxovun rəhbərlik etdiyi hakimlər kollegiyası qaldırılmış vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə baxışı dekabrın 28-nə təyin olunub.

Korrupsiya araşdırmalarıyla tanınan “Abzas Media” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. 

Öncə Ülvi Həsənli və Məhəmməd Kekalov, ardınca Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Bir neçə ay sonra ittiham ağırlaşdırılıb.

Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. 

Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “Abzas Media”nın ofisində axtarış aparılıb.

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “Abzas Media”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

Hökumət təmsilmiləri isə həbs olunan konkret faktlar əsaslanda cəzalandırıldırlarını bilirlər.

Ana səhifəVideo“Abzas Media” işi üzrə həbsdə olan 7 jurnalistin məhkəməsi başladı