“AbzasMedia işi”: Kekalov istintaqda verdiyi ifadədən imtina edib

AbzasMedia. Fotokollaj: Meydan TV

Bu dəfəki məhkəmə prosesində sənədlər elan olunmuş hesab olunub

Bu gün, mayın 13-də “AbzasMedia işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə sənədlər elan olunmuş hesab olunub.

Sənədlərin elanından sonra  “AbzasMedia işi”  üzrə həbs olunmuş jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamovanın vəkilləri həmin iş üzrə həbsdə olan digər şəxs – Məhəmməd Kekalova sual ünvanlayıblar.

İş üzrə sənədlərdə qeyd olunub ki, guya Elnarə Qasımova, Hafiz Babalı və Nərgiz Absalamova qaçaqmalçılıqla əldə olunan vəsaitləri ölkə daxilində leqallaşdırıblar.

Bununla bağlı suala cavabında Məhəmməd Kekalov bildirib ki, istintaqa belə bir ifadə verməyib və ümumiyyətlə bunu ilk dəfə eşidir.

Kekalov vurğulayıb ki, o, sadəcə qarşısına qoyulan sənədləri imzalayıb.

Məhkəmə mayın 16-na qədər təxirə salınıb.

2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “AbzasMedia” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “AbzasMedia işi” çərçivəsində həbs edilib.

Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. 2024-cü ilin avqustunda isə “AbzasMedia işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış edirlər.

Ana səhifəSiyasət“AbzasMedia işi”: Kekalov istintaqda verdiyi ifadədən imtina edib