“AbzasMedia işi”: daha 5 jurnalistin həbs müddəti uzadılıb

Foto: “AbzasMedia”

Jurnalistlər məhkəməyə gətirilərkən qeyri-insani rəftarla üzləşdiklərini deyiblər

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən daha 5 nəfərin – nəşrin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı Hafiz Babalı və Nərgiz Absalamovanın barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Sentyabrın 7-də Xətai Rayon Məhkəməsində Baş prokurorun birinci müavini Elçin Məmmədovun onlar haqqında verdiyi təqdimata baxılıb.

O, təqdimatda göstərib ki, Sevinc Vaqifqızı, Ülvi Həsənli və digər jurnalistlərlə bağlı istintaq aparmaq üçün 10 ay kifayət etməyib.

Bu səbəbdən istintaq davam edir, ona görə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin uzadılmasına zərurət var.

Elçin Məmmədov jurnalistlərin istintaq dövründə həbsdə saxlanma müddətinin daha 3 ay uzadılmasını istəyib.

Təqdimata hakim Sahibə Hacıyeva baxıb. Amma jurnalistlərlə bağlı məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.

Jurnalistlər də, onların vəkilləri də təqdimatın əsassız olduğunu bildiriblər.

Jurnalistlər deyib ki, ölkədəki qanunsuzluqları, korrupsiyanı ifşa etdiklərinə görə şərləniblər.

Onlar bildiriblər ki, heç bir cinayət törətmədikləri halda, siyasi sifarişlə həbsdə saxlanılırlar.

Bütün məhkəmə proseslərində Sahibə Hacıyeva təqdimatı təmin edib və jurnalistlər haqqında həbs qətimkan tədbirinin müddətini dekabrın 20-nə qədər artırıb.

Vəkillər məhkəmədən sonra jurnalistlərə açıqlamalarında bildiriblər ki, Xətai Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verəcəklər.

Jurnalistlər məhkəməyə gətirilərkən Penitensiar Xidmətin əməkdaşlarının onlara qarşı qeyri-insani davranışından şikayətləniblər.

Onlar bildiriblər ki, məhkəməyə gətirilsələr də, isti havada yarım saatdan çoxdur ki, qaranlıq və darısqal dustaq maşınında saxlanılırlar, onları düşürüb məhkəmə binasına aparmırlar.

“AbzasMedia”. Foto-kollaj: Meydan TV

Bundan başqa, Hafiz Babalı ayağında damar problemi olmasına baxmayaraq, müalicəsi üçün heç bir tədbir görülmədiyini bildirib.

Onun sözlərinə görə, həbs olunduğu ərəfədə cərrahiyyə əməliyyatına hazırlaşırdı.

Müalicə olunmadığına görə sağlamlığındakı problem getdikcə dərinləşir.

Ötən gün, sentyabrın 6-da Bakının Xətai Rayon Məhkəməsi “AbzasMedia işi” üzrə həbs edilmiş jurnalist Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadənin həbs müddətinin də uzadılması barədə istintaq orqanının təqdimatını təmin edib.

Jurnalistlərin həbsi və mediaya təzyiqlər…

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb.

Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Bu günlərdə vergidən yayınma, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, qanunsuz sahibkarlıq kimi yeni ittihamlar verilib.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb.

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adlarıçəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər portalı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub.

İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib. Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər.

Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Ana səhifəSiyasət“AbzasMedia işi”: daha 5 jurnalistin həbs müddəti uzadılıb