Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Фото: sovanews.tv

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar

Abxaziyanın de-fakto parlament binası qarşısında keçirilən aksiyada atışma səsləri eşidilib.

“Telegram” kanalları Abxaziyanın de-fakto parlament binası qarşısında keçən mitinqdə atəş açıldığını, lakin itkilərin olmadığını bildirir. Burada Suxumi ilə Moskva arasında investisiya sazişinə qarşı kütləvi aksiya keçirilir. Aksiya iştirakçıları bu razılaşmanı “Abxaziyanın maraqlarına ziyan vurmaqla Moskvanı razı salmaq cəhdi” adlandırırlar.

De-fakto Daxili İşlər Nazirliyinin rəhbəri Robert Kiut və de-fakto Dövlət Təhlükəsizlik Xidmətinin sədri Dmitri Kuçuberiya etirazçılarla danışıqlara gəliblər. Onlar aksiya iştirakçılarının tələblərini Abxaziya “prezidenti” Aslan Bjaniyaya çatdıracaqlarına söz veriblər.

Bundan əvvəl etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma olduğu, hadisə yerində qazdan istifadə edildiyi bildirilirdi.

Etirazçılar hökumət binası kompleksini tamamilə mühasirəyə alıblar. Daha öncə “Abxaziya parlamenti” bu sazişin baxılmasını təxirə salındığını bildirdi ki, bu da etirazçılar tərəfindən narazılıqla qarşılandı. Onlar mitinqi dayandırmaq niyyətində olmadıqlarını bildirərək, sessiyanın keçirilməsini və Moskva ilə investisiya sazişinin “əleyhinə” səs verilməsini tələb ediblər. Bir qədər sonra etirazçılar avtomobilin köməyi ilə hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar.

Foto: “sovanews.tv”

Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına yumurta və butulka atıblar, daha sonra de-fakto parlament binasının ərazisinə girişi bağlamağa çalışan “Fövqəladə Hallar Nazirliyi”nin avtomobilini saxlayıblar. Bu arada etirazçılar “təhlükəsizlik qüvvələrinin bəzilərinin xalqın tərəfinə keçdiyini” bildirirlər.

Abxaziyada etirazlara səbəb olan investisiya sazişi Rusiya səhmdarlarının tikinti materialları və avadanlıqlarının idxalına görə gömrük rüsumlarından, habelə səkkiz il müddətinə korporativ əmlak vergisi və mənfəət vergisini ödəməkdən azad edilməsini nəzərdə tutur.

Etirazçılar hesab edirlər ki, sazişin qəbulu onsuz da Rusiya ilə rəqabət apara bilməyən yerli biznesə ölümcül zərbə vuracaq. Üstəlik, onların fikrincə, bu saziş “respublika”nın təhlükəsizliyinə təhdiddir. Noyabrın 14-də “parlament”in 35 üzvündən 12-si sazişin ratifikasiyanın əleyhinə səs verəcəyini rəsmən bəyan edib.

Ana səhifəDünyaAbxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib