Abxaziya enerji kollapsı ərəfəsindədir

Foto: 19 STUDIO\shutterstock

Noyabrın 1-dən dörd saatlıq elektrik kəsilməsi rejimi qüvvədədir

Abxaziya enerji kollapsı ərəfəsindədir – respublika Rusiyadan elektrik almağa vəsait tapmazsa, sutkada 16 saata qədər işıqsız qala bilər. Rusiya münasibətlərdəki böhran fonunda Abxaziyaya “humanitar elektrik yardımı”nı dayandırıb və bazar tarifi müəyyən edib.

Abxaziyanı su ilə təchiz edən yeganə elektrik stansiyası olan İnqur SES-da suyun səviyyəsi hazırda 410 metrdir. Bu, qəzalı vəziyyətdir və əgər su daha da aşağı enərsə, stansiya öz işini dayandırmaq məcburiyyətində qalacaq.

Abxaziya çatışmayan enerjini Rusiyadan alır. O, əvvəllər axının bir hissəsini endirimli qiymətlə alırdı, digər hissəsini isə, ümumiyyətlə, sosial-iqtisadi yardım çərçivəsində pulsuz əldə edirdi. Lakin Abxaziya Kreml qarşısında götürdüyü bir sıra öhdəliyi yerinə yetirmədikdən sonra (o cümlədən, rusiyalılara daşınmaz əmlak almağa imkan verən qanunu qəbul etmədikdən sonra) bu “humanitar axın” bitdi. İndi Rusiya Abxaziyaya elektrik enerjisini bazar tarifinə uyğun satır.

Bu, Abxaziya üçün bahadır. Elektrik enerjisinin alınmasına artıq 500 milyon rubldan (təxminən 5 milyon dollar) çox vəsait xərclənib, martın sonuna, İnqur SES-də elektrik enerjisi istehsalının artacağı vaxta qədər isə, ən azı, bir milyard rubl (təxminən 10 milyon dollar) lazım olacaq. Üstəlik respublika elektrik enerjisinə qənaət etməyə çalışır və noyabrın 1-dən dörd saatlıq elektrik kəsilməsi rejimi qüvvədədir.

Onsuz da siyasi böhran yaşayan Abxaziya hökuməti növbəti axın partiyasının ödəməsi üçün təlaş içində lazımi məbləği yığmağa çalışır. Əgər buna müvəffəq olmasa, elektrik enerjisi yalnız sutkada yeddi-səkkiz saata çatacaq.

Rusiyanın, ümumiyyətlə, Abxaziyaya maliyyə yardımını, o cümlədən dövlət sektoru işçilərinin və hüquq-mühafizə orqanları əməkdaşlarının maaşlarına əlavələri tamamilə dayandırması vəziyyəti bir az da dərinləşdirir. Nəticədə hökumət təkcə elektrik enerjisinin alınmasına deyil, həmçinin maaşları müstəqil şəkildə ödəməyə pul tapmalıdır.

“Əgər biz elektrik enerjisi almağa vəsait tapmaq üçün səylərimizi birləşdirməyə davam etsək, o zaman, yəqin ki, cəsarətlə deməliyik ki, maaşları ödəməyəcəyik”, – maliyyə naziri Vladimir Delba deyib.

Abxaziyanın Baş naziri vəzifəsini icra edən Valeri Bqanba isə indiki enerji böhranı ilə əlaqədar enerji sektorunda fövqəladə vəziyyətin tətbiqinin zəruri olacağını istisna etmir.

Ana səhifəXəbərlərAbxaziya enerji kollapsı ərəfəsindədir