Abxaz müxalifəti əhalini günorta saatlarında parlamentə gəlməyə çağırıb

Foto: OC Media

Etirazçıların əsas tələbi “prezident” Aslan Bjaniyanın istefasıdır

Noyabrın 15-i səhər saatlarında Abxaziyada minlərlə insanın etiraz aksiyası başlayıb. Həmin vaxt “parlament”də Rusiya ilə Abxaziya arasında investisiya sazişinin ratifikasiyası məsələsinə baxılırdı. Bu saziş yaranan andan müxalifət və cəmiyyətin əksər hissəsinin qəti etirazına səbəb olub.

“Jamnews”un məlumatına  görə, etirazçılar hesab edirlər ki, sazişin qəbulu onsuz da Rusiya ilə rəqabət apara bilməyən yerli biznesə ölümcül zərbə vuracaq. Üstəlik, onların fikrincə, bu saziş “respublika”nın təhlükəsizliyinə təhlükə yaradır.

“Parlament” qarşısında toplaşan 10 minə yaxın insan deputatlardan ratifikasiyanın əleyhinə səs vermələrini və sənədin gələcək müzakirələrdən çıxarılmasını tələb ediblər.

Etirazçılar hökumət binası kompleksini mühasirəyə alıblar. Sonra onlara investisiya sənədini ləğv ediləcəyi vədi verilib. “Prezident”in mətbuat xidməti “qanun layihəsinin parlamentdən geri götürülməsinə dair sənədin hazırlanması” ilə bağlı məlumat yayıb.

Bundan sonra müxalifət Bjaniyanın istefası tələbini irəli sürüb. Artıq noyabrın 15-nə keçən gecə Abxaziyanın de-fakto prezidentinə vəzifəsindən istefa vermək barədə qərar qəbul etmək üçün saat yarım vaxt verilib. O, müxalifətin tələblərini yerinə yetirməkdən imtina edib. Həmin vaxt Bjaniyanın harada olduğu barədə dəqiq məlumat yox idi. Rəsmi məlumata görə, o, doğulduğu Tamış kəndinə gedib. Müxalifət isə onun Rusiya hərbi bazasına qaçdığını iddia edib.

Noyabrın 16-da məlum olub ki, hökumət “respublika”da etirazlara səbəb olan qanun layihəsini geri götürmək fikrində deyil.

Müxalifət Bjaniyanı istefaya məcbur etmək niyyətini açıqlayıb:

“Bu gün Abxaziyada baş verənlər cəmiyyətin Aslan Bjaniyanın həyata keçirdiyi xalqın ziyanına olan və yalnız qohumlarını və yaxın çevrəsini zənginləşdirməyə yönəlik siyasətinə təbii cavabıdır. Bizim vəzifəmiz Bjaniyanın istefasına nail olmaq və ölkədəki siyasi vəziyyəti sabitləşdirməkdir. Məsuliyyətlə bildiririk ki, respublikanın bütün rəsmi qurumları əvvəlki qaydada işləməkdə davam edirlər”, – müxalifətin əlaqələndirmə şurasının bəyanatında deyilir.

Ana səhifəDünyaAbxaz müxalifəti əhalini günorta saatlarında parlamentə gəlməyə çağırıb