ABŞ vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırır

ABŞ-Rusiya. Foto: Casablanca Stock/shutterstock

Metyu Miller: “Rusiyaya getməklə həbs riskinə məruz qalırsınız”

ABŞ-nin vətəndaşlarını heç bir halda, səbəb nə olursa, olsun Rusiyaya səfər etməməyə çağırdığı bildirilir. Bu çağırış ilk dəfə ilin əvvəllərində ailəsinə baş çəkməyə gedən Rusiya-Amerika vətəndaşı qadının həbs olunmasından sonra səslənib. İndi o, “dövlətə xəyanət” ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Rusiya hakimiyyəti onu Ukrayna ordusu üçün pul yığmaqda ittiham edib.

“Turan” Agentliyi yazır ki, bu barədə iyunun 21-də keçirilən brifinqdə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller də bildirib:

Metyu Miller. ABŞ DD-in saytından screenshot

“Bilirəm ki, bəzən bu, Rusiyada görmək istədikləri ailə üzvləri – bəzən sağlamlıq problemləri olan ailə üzvləri olan amerikalılar üçün çox ağır seçimə səbəb olur. Lakin Rusiyaya getməklə həbs riskinə məruz qalırsınız”, – deyə o əlavə edib.

Los-Anceles sakini Kseniya Karelina Rusiyada anadan olub, lakin 10 il əvvəl ABŞ-a köçüb. Orada kosmetoloq işləyir. Bu gün onu 12 ildən ömürlük həbsə qədər cəza gözləyir. O, fevralda Yekaterinburqda ailəsinə baş çəkərkən saxlanılıb. RF Federal Təhlükəsizlik Xidməti Karelinanı Ukraynaya silah, döyüş sursatı və digər materiallar tədarük edən Ukrayna təşkilatı üçün pul yığmaqda ittiham edib. KİV-in məlumatına görə, Karelina bu təşkilata 50 dollar ianə edib.

Miller deyib ki, ABŞ xaricdə saxlanılan vətəndaşlarla əlaqə saxlamağa çalışır və konsulluq əməkdaşları onlara müvafiq yardımı göstərməyə çalışırlar.

“Rusiya çoxdan elə bir mövqe tutub ki, ikili vətəndaşlıqdan söhbət getdiyi zaman sorğulara cavab vermir”, – deyə o qeyd edib.

Ana səhifəDünyaABŞ vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırır