ABŞ şirkəti: “Peykdən Mariupolda kütləvi məzarlıqların qazıldığı görünür”

Mariupol. Mənbə: “Maxar Technologies Inc.,”

“Martın sonundan qazılmağa başlayan məzarların sayı get-gedə artır”

Peyk görüntüləri mühasirəyə alınan Mariupol şəhərinin yaxınlığında kütləvi məzarlıqların qazıldığını göstərir.

ABŞ-ın peyk şirkətlərindən olan “Maxar Technologies Inc.,” həftələrdir ki, Rusiya qüvvələrinin nəzarətində olan Mariupol yaxınlığında ümumi 200-ə yaxın kütləvi məzar yeri müəyyən etdiyini bildirib.

Şirkətin yaydığı şəkillərdən aydın olur ki, martın sonundan qazılmağa başlayan məzarların sayı get-gedə artır.

Ukrayna rəsmiləri Rusiyanı mülki əhalini öldürməkdə təqsirləndirirlər.

Bildirilir ki, böyük ehtimal həmin məzarlıqlar Mariupolun rus əsgərləri tərəfindən öldürülən dinc sakinlərinə aiddir.

Moskva bu ittihama hələ ki cavab verməyib. Lakin daha öncə Kiyev yaxınlığındakı Buça adlanan ərazidə mülki əhalinin öldürülməsi ilə bağlı demişdilər ki, Rusiya əsgərləri dinc əhaliyə silah çəkməyib.

Bütün bunlar rus əsgərlərini gözdən salmaq üçün Avropanın planladığı oyundur.

BBC yazır ki, rus qoşunları həftələrdir davam edən bombardman və döyüşlərdən sonra Mariupolun böyük hissəsinə nəzarət edir, lakin bəzi Ukrayna qüvvələri şəhər yazınlığındakı polad zavodunda qalır.

Rusiya Prezidenti Vladimir Putin “Azovstal” zavoduna basqın etmək planlarından imtina etdiyini açıqlayıb.

O bildirib ki, bunun əvəzinə qoşunlara oranı möhürləməyi əmr edib və deyib:

“Mariupol Polad Zavodunu elə bağlayın ki, içinə bir milçək belə keçə bilməsin”.

İddia edilən kütləvi məzarlığın isə Mariupoldan təxminən 20 km (12 mil) qərbdə – Manhuş adlı kəndin yaxınlığında olduğu bildirilir.

“Maxar Technologies” iddia edir ki, həmin məzarlıq ərazisinin uzunluğu təxminən 85 m-dir. Məzarlıqlar isə dörd cərgədən ibarətdir.

Mariupol şəhər şurası daha əvvəl öz bəyanatını yayaraq rusları həmin ərazidə dinc sakinləri dəfn etməkdə ittiham etmişdi.

Şura rusların xəndəklər qazdığını və “cəsədləri gətirmək üçün zibillik maşınlarından istifadə etdiyini” söyləmişdi.

“Həmin ərazi yaxınlıqdakı qəbiristanlıqdan da iki dəfə böyükdür”, – deyə bəyanatda bildirilirdi.

Şəhərin meri Vadim Boyçenko ehtimal edir ki, Mariupolda on minlərlə dinc sakin həlak ola bilər.

Moskva dəfələrlə Ukrayna və onun Qərb müttəfiqlərinin mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsində rus qoşunlarının və Kremlin yüksək səviyyəli siyasətçilərinin məsuliyyət daşıması ilə bağlı ittihamlarını rədd edib.

Aprelin əvvəlində “Maxar Technologies”in yaydığı başqa görüntülərdə Kiyev kənarındakı Buça şəhəri təsvir edilirdi. Həmin fotolarda küçədə yatan mülki şəxslərin cəsədləri görünürdü.

Bundan sonra Buça meri Anatoli Fedoruk açıqlama yayıb: “Qəsəbədə ən azı 300 mülki şəxs həlak olub”, – demişdi.

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı hərbi müdaxiləyə başlayıb.

Həmin vaxtdan bu yana ABŞ və Avropadakı müttəfiqləri Rusiyaya iqtisadi, maliyyə, diplomatik sanksiyalar tətbiq edib.

Ana səhifəDünyaABŞ şirkəti: “Peykdən Mariupolda kütləvi məzarlıqların qazıldığı görünür”