ABŞ səfirliyi: “Jurnalistlərin həbsinin səbəbini soruşmaq namərdlikdir, yoxsa onları ictimaiyyətdən gizlətmək?”

Foto: ABŞ səfirliyi

Səfirlik Azərbaycan hökumətini tənqid edib

ABŞ-nin Azərbaycandakı Səfirliyi Azərbaycanda baş verən həbslərlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin göstərdiyi təzyiqlər. 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və blogerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq “namərdlik” sayılır? Yoxsa əsl “namərdlik” Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir? Media Savadlılığı Həftəsi keçirilərkən, unutmayaq ki, müxtəlif məlumat mənbələrini araşdırmaq, gündəmdə olan iddiaları təhlil edib qiymətləndirmək və yanlış məlumatların təsirinə qarşı ayıq-sayıq olmaq vacibdir”.

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-dən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında siyasi məhbus kimi tanınan təqribən 300-dən artıq şəxs var.

Ana səhifəSiyasətABŞ səfirliyi: “Jurnalistlərin həbsinin səbəbini soruşmaq namərdlikdir, yoxsa onları ictimaiyyətdən gizlətmək?”