ABŞ səfirliyi gizli səs yazısına münasibət bildirdi

Məsələ barədə Azərbaycan hökuməti ilə danışığa başlanılıb

Source:


Məsələ barədə Azərbaycan hökuməti ilə danışığa başlanılıb


Müdafiə Nazirliyi ABŞ səfirinin Azərbaycandakı seçkilərlə bağlı danışığının audio yazısını qeyd etdiklərini açıqlayıb. ABŞ səfirliyinin mətbuat xidmətindən “Meydan.tv”nin sorğusuna cavab olaraq bildirilib ki, “Bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə əlaqədəyik. Bu özəl-diplomatik danışığın məzmununu müzakirə etmək fikrində deyilik”.


“Hüquqi Dövlət Araşdırmalar” Fondunun prezidenti, hüquqşünas Müzəffər Baxışov rəsmi görüşdə səsin gizli yazılmasını etik qaydaların pozuntusu hesab edir. “Görüşün audio yazısının yazılması ilə bağlı hər iki tərəfin razılığı olmayıbsa, bu diplomatik etik qaydaların pozuntusudur. Bu məsələlər beynəlxalq müqavilələrlə tənzimlənir. Görüşün səs yazısı ABŞ-ın razılığı ilə yazılmalı idi. Səs yazısı ABŞ-ın mənafeyinə toxunarsa, dövlət Azərbaycan hökumətinə etiraz edə bilər”.


Xatırladaq ki, 14 oktyabrda müdafiə naziri Səfər Əbiyevin ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla görüşü olub. Müdafiə Nazirliyi görüşdən sonra açıqlama yayıb ki, ABŞ səfiri “Edilən tənqidlər prezident seçkilərinin nəticələrinə təsir göstərmir. İlham Əliyev qalibdir” deyib.

ABŞ səfirliyi məlumatı təkzib edib və səfir Morninqstara aid edilən fikirlərin dəqiq olmadığını bildirib. Müdafiə Nazirliyi cavab olaraq səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazır olduqlarını deyib.

Ana səhifəXəbərlərABŞ səfirliyi gizli səs yazısına münasibət bildirdi