Yadigar Sadıqlı

Mənbə: Meydan TV

Başlıq: Yadigar Sadıqlı

ABŞ seçkilərində erməni faktoru

Erməni mövzusu nəyə görə ABŞ siyasətçiləri üçün bu qədər önəmlidir?

Hər dəfə Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri kampaniyası zamanı namizədlərin ermənilərə münasibətdə reveranslarının şahidi oluruq. Məsələn, bütün seçkilərdə namizədlər “erməni genosidi”ni tanıyacaqlarını vəd edirlər (və sonra da eyni həmrəyliklə bundan boyun qaçırırlar). Belə halda sıravi azərbaycanlıları maraqlandıran bir sual ortaya çıxır: erməni mövzusu nəyə görə ABŞ siyasətçiləri üçün bu qədər önəmlidir?

2017-ci ildə keçirilən rəy sorğusu ABŞ-da 485 970 erməninin yaşadığını aşkar edib. Amma bir çoxunun fikrincə, bu rəqəm həqiqəti əks etdirmir: ölkədə yaşayan ermənilərin sayının 800 mindən 1,5 milyona qədər olduğu iddia olunur. Əslində, 330 milyona yaxın əhalisi olan bi ölkə üçün çox da böyük rəqəm sayılmaz. Bəsit hesablamalar göstərir ki, hətta 1,5 milyon olduqda belə ermənilər əhalinin 0,45%-ni təşkil edirlər.

Seçkilərdə yarım faiz az deyil, əlbəttə. ABŞ tarixi qalibin daha az fərqlə müəyyən olunduğu seçkilərə şahiddir. Məsələn, 1960-cı ildə Con Kennedi öz rəqibi Riçard Niksona cəmi 113 min səs (0,17% ) fərqi ilə qalib gəldi. Öz növbəsində Nikson 1968-ci il seçkilərində rəqibi Hubert Hamfriyə 512 min səs (0,7%) üstünlüyü ilə qalib gəldi.

Amma ermənilərin sayının və səsinin önəmini artıran başqa faktorlar da var. Buraya, təbii, onların siyasi fəallığı, milli həmrəyliyi, lobbiləri, ANCA (Amerika Erməniləri Milli Komitəsi), AAA (Amerika Erməniləri Assambleyası) kimi təşkilatları və bir çox hallarda zəngin kapitalları daxildir. Digər tərəfdən, unutmaq lazım deyil ki, hər bir seçici başqa bir seçiciyə təsir göstərmək imkanına malikdir. Məsələn, erməni ilə ailə quran qeyri-erməni də həyat yoldaşının təsiri ilə səs verə bilər. Bütün bu və digər faktorlarla yanaşı, əsas amili ABŞ-ın seçki sitemində axtarmaq lazımdır.

Birləşmiş Ştatlarda seçkilər birbaşa deyil və burada qalib sadəcə səs çoxluğu ilə müəyyən olunmur. Hər bir ştata öz əhalisinin sayına mütənasib sayda seçimçilər ayrılır. Ştatda daha çox səs toplayan namizəd hansı fərqlə qalib gəlməsindən asılı olmayaraq bütün seçimçilərin səsini əldə edir. Bu sistem “qalib hamını alır” adlanır. Bütün ölkə üzrə hazırda 538 seçimçi seçilir. Prezident olmaq üçün minimum 270 seçimçinin səsini qazanmaq lazımdır.

Bu zaman mümkündür ki, qalib gələn namizəd ölkə üzrə daha az seçicilərin səsini toplasın. ABŞ tarixində bir neçə dəfə olub ki, daha çox seçicinin səsini toplayan namizəd daha az seçimçinin səsini topladığı üçün məğlub olub. Elə son seçkilərdə də Hillari Klinton rəqibindən 2,9 milyon çox səs topladı. Amma səslər ştatlar üzrə elə bölüşdü ki, Tramp daha çox seçimçi səsi qazandı – 227-yə qarşı 304.

Bunun necə baş verdiyini təxmini bir nümunə iə göstərmək istəyirəm. Texas ştatı 38 seçimçiyə malikdir. Ehtimal edək ki, burada 10 milyon seçici seçkilərdə iştirak edir və namizəd A namizəd B-dən 400 min səs çox toplayır (5,2 milyon 4,8 milyona qarşı). Florida ştatı isə 29 seçimçiyə malikdir. Burada 8 miyon seçici səs verir və namizəd B namizəd A-dan 1 milyon çox səs toplayır (4,5 milyon 3,5 milyona qarşı). İki ştatda seçkilərin nəticələsinə görə, B 9,3 milyon, A isə 8,7 milyon səs toplayıb. Amma seçimçilərin sayında A irəlidədir: 38 seçimçi 29-a qarşı.

ABŞ-da ermənilərin səsini olduğundan da daha dəyərli edən məhz bu ikimərhələli seçki sistemidir. Belə ki, onların xeylisi ən çox əhalisi olan ştatda – Kaliforniyada yaşayırlar. Müvafiq olaraq, bu ştatdan seçimçilər də daha çox seçilirlər – 55 nəfər. Başqa sözlə, ölkə üzrə ümumi seçimçilərin 10%-dən çoxunu Kaliforniya seçir.

Təxmini hesablamalara görə ABŞ-dakı ermənilərin yarısından bir qədər azı burada yaşayır. Los-Anceles şəhər şurası hətta şəhərin kvartallarından birinə “Kiçik Ermənistan” adı verib. Los-Ancelesdən 14 km uzaqda yerləşən Glendel şəhərində rəsmi nəticələrə görə, əhalinin 1/3 hissəsini ermənilər təşkil edir. Amma deyilənlərə görə, daha çoxdurlar. Hər halda şəhər şurasının 5 üzvündən üçü, o cümlədən mer (Vrey Ağacanyan) erməni kökənlidirlər.

Ştatın başqa şəhərlərində də xeyli erməni yaşayır. Bu günlərdə Los-Ancelesdəki Türkiyə konsulluğu qarşısında keçirilən etiraz aksiyasında da bunu görmək olardı. Əlavə edim ki, ABŞ-da “erməni genosidi”nə ilk abidə də Kaliforniyada, Montebello şəhərində qoyulub. Bu şəhərin meri də bu yaxınlara qədər erməni (Cek Hacinyan) idi. İndi isə şəhər şurasının üzvüdür.

Kaliforniya uzun müddətdir ki, demokratların qalası sayılır. Respublikaçılar burada sonuncu dəfə 1988-ci il prezident seçkilərində qalib gəliblər. Sonrakı yeddi seçkilərin hamısında Kaliforniya öz səsini demokratların namizədinə verib. Yəqin ki, buna görə demokratlar ermənilərə daha xoş münasibət göstərirlər.

Bununla belə, hazırkı sistemdə ermənilər üçün həyəcan siqnalı ola biləcək məqamlar da mövcuddur. Kalifrorniyada demokratların üstünlükləri getdikcə daha əzici xarakter alır. Son, 2016-cı il seçkilərində demokratlar respublikaçılardan az qala 2 dəfə çox (8,75 milyon 4,48 milyona qarşı) səs topladılar. Belə fərq isə ermənilərin səsinin əhəmiyyətini xeyli azaldır.

ABŞ-da prezidentliyə namizədlər siyasi texnologiyaya uyğun olaraq daha rasional davranmağa üstünlük verirlər. Seçki nəticələri şübhə doğurmayan ştatlara nə favorit, nə də autsayder namizəd çox vaxt, vəsait ayırmağı mənasız hesab edir. Axı hansı hesabla məğlub (eləcə də qalib) olmağın əhəmiyyəti yoxdur. Onsuz da qalib gələcəyin və ya məğlub olacağın ştata resursları sərf etməkdənsə, seçimi qaranlıq olan ştatlar uğrunda döyüşmək daha məntiqlidir.

Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsinə ABŞ-da növbəti prezident seçkiləri ərəfəsində başladı. Buna baxmayaraq, hər iki əsas namizəd bu hadisəyə kifayət qədər yumşaq reaksiya göstərirlər. Hətta indiki prezident Trampın reaksiyası o qədər yumşaq oldu ki, bunu reaksiya adlandırmaq da çətindir.

Co Bayden, fikrincə adekvat reaksiya verməyən prezidenti və dövlət katibi Mayk Pompeonu tənqid etsə də, onun yanaşmasını da obyektivliyə yaxın hesab etmək olar. Demokratların namizədi Trampdan “konfliktin hərbi yolunun olmadığı barədə Azərbaycanı xəbərdar” etməsini istəməklə yanaşı, Ermənistanın da Dağlıq Qarabağ ətrafındakı rayonları sonsuzadək işğal altında saxlamasının mümkünsüzlüyünü ifadə edirdi.

Bəlkə də qəti nəticələrə gəlmək üçün hələ tezdir. Ola bilsin ki, başqa problemlər (koronavirus, iqtisadiyyat, irqi ziddiyyətlər) bu seçkilərdə heç vaxt olmadığı qədər əhəmiyyət kəsb etdiyindən erməni məsələsi arxa plana keçib. Amma o da ola biər ki, baş verənlər Amerika siyasətində erməni faktorunun xeyli zəifləməsinin ilkin təzahürləridir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ecgx92

Ən çox baxılan