ABŞ səfirliyi Bəxtiyar Hacıyev barəsində yazıb

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

Səfirlik Bəxtiyar Hacıyevə qarşı çıxarılan son məhkəmə qərarından “dərin məyusluq hissi” keçirdiyini vurğulayıb

Amerika Birləşmiş Ştatları (ABŞ) ictimai fəal Bəxtiyar Hacıyevə qarşı çıxarılan son məhkəmə qərarından “dərin məyusluq hissi” keçirir.

ABŞ səfirliyi bununla bağlı “X” platformasında paylaşım edib.

“Biz ardıcıl olaraq Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və haqsız yerə həbs olunanları azad etməyə çağırırıq”, – paylaşımda belə deyilir.

İctimai fəal Bəxtiyar Hacıyev yanvarın 13-də 10 il azadlıqdan məhrum edilib.

Bəxtiyar Hacıyev xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma və s. ittihamlarla təqsirləndirilib.

Onun Zərdabi küçəsindəki evi və bank hesabında olan pulu müsadirə edilib.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub.

Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.

Onunla bloger Ülviyyə Muradova (Alovlu) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur.

İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

2023-cü il iyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb.

Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır.

Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.

İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə onun ittihamlarının əsassız olduğunu bəyan edib.

Ana səhifəSiyasətABŞ səfirliyi Bəxtiyar Hacıyev barəsində yazıb