ABŞ Putini Qəzza Sülh Şurasına qoşulmağa dəvət edib

Putin və Trump – İllüstrasiya: Aİ

“Rusiya Prezidenti Vladimir Putin diplomatik kanallar vasitəsilə ABŞ tərəfindən yaradılan Qəzza üzrə Sülh Şurasına daxil olmaq üçün dəvət alıb. Moskva bu təklifi nəzərdən keçirir və Vaşinqtonla təmaslara ümid edir”.

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Hazırda təklifin detallarını araşdırırıq və bütün incəlikləri aydınlaşdırmaq məqsədilə Amerika tərəfi ilə təmaslara ümid edirik”, – Kreml sözçüsü əlavə edib.

ABŞ Prezidenti Donald Tramp yanvarın 16-da Qəzzada Sülh Şurasının yaradılacağını elan edib. Məlumata görə, Şuranın əsas məqsədi bölgədə sabitlik yaratmaq, qanuni idarəçiliyi bərpa etmək və beynəlxalq qüvvələri sektora cəlb etməkdir.

Lakin “Bloomberg”in tanış olduğu nizamnaməyə əsasən, Sülh Şurasına daha geniş səlahiyyətlər verilməsi planlaşdırılır. Sənəddə bu təşkilat “münaqişələrdən zərər çəkmiş və ya təhlükə altında olan bölgələrdə sabitliyi təşviq etməyə, etibarlı və qanuni idarəçiliyi bərpa etməyə və davamlı sülhü təmin etməyə çalışan beynəlxalq təşkilat” kimi təsvir olunur. Şuranın sədri Donald Tramp olacaq, ölkələr isə ömürlük üzvlük üçün ən azı bir milyard dollar ödəməlidirlər.

Ağ Ev açıqlayıb ki, Şuranın tərkibinə ABŞ-nin dövlət katibi Marko Rubio, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff, ABŞ Prezidentinin kürəkəni Cared Kuşner və Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer daxildir. 

Sülh Şurasının tərkibinə daxil olmaq üçün ilk dəvət alanlardan biri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub. 

Ana səhifəXəbərlərABŞ Putini Qəzza Sülh Şurasına qoşulmağa dəvət edib