ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Hikmət Hacıyevlə danışıb

Hikmət Hacıyev. Foto: Meydan TV

“Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”, – Uolts yazıb

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə danışıb.

Bu barədə Uolts “X” hesabında məlumat verib.

“Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Mən bu həftə Prezident Əliyevin Azərbaycandakı milli təhlükəsizlik müşaviri cənab Hikmət Hacıyevlə danışdım. Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinə razılıqdan məmnunuq. Mən ona dedim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”, – Uolts yazıb.

Azərbaycan rəsmi dairələri, hələlik, Hacıyev-Uolts danışığına dair açıqlama yaymayıb.

Azərbaycanla Ermənistan bu həftənin əvvəlində sülh sazişinin mətnini razılaşdırdıqlarını açıqlayıblar. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov hazırkı dönəmdə sülh müqaviləsinin imzalanmasına əsas maneənin Ermənistanın konstitusiyasının olduğunu bildirib. Ermənistan rəsmiləri isə, öz növbəsində, razılaşmanı imzalamaq üçün yeri və zamanı müzakirə etməyə hazır olduqlarını bildiriblər.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Tərəflər 2024-cü ildə sülh müqaviləsi bağlamaq niyyətlərini bəyan ediblər. Ötən ilin sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Yeravanın bu məqsədlə Konstitusiyanı dəyişdirməyə hazır olduqlarını deyib.

Ana səhifəSiyasətABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Hikmət Hacıyevlə danışıb