Cey Di Vens İtaliyada keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirakdan sonra Ermənistan və Azərbaycana səfər edəcək.
Bu barədə Associated Press yazır.
Bir həftə davam edəcək bu səfər Vensin bu il həyata keçirəcəyi nadir beynəlxalq səfərlərdən biri ola bilər. Ağ Evin aparat rəhbəri Syuzi Uayls ötən ay bildirib ki, Donald Tramp və onun kabineti noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində əsas diqqəti daxili məsələlərə və ölkədaxili səfərlərə yönəldib.
Fevralın 6-ı Milanda keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində Vens ABŞ nümayəndə heyətinə başçılıq edəcək. Nümayəndə heyətinə vitse-prezidentin həyat yoldaşı Uşa Vens, dövlət katibi Marko Rubio və ABŞ-nin İtaliyadakı səfiri Tilman Fertitta daxildir.
Vens Olimpiya tədbirlərindən əvvəl ABŞ qadın hokkey millisinin Çexiya yığması ilə ilkin mərhələdəki oyununu izləməyi planlaşdırır.
İtaliyadan sonra Cey Di Vens Ermənistan və Azərbaycana yollanacaq. Prezident Tramp ona iki ölkə arasında 40 il davam edən münaqişəyə son qoymağı hədəfləyən razılaşmanın icrasını irəli aparmaq tapşırığı verib.
Saziş Rusiyanın bölgədəki təsirinin zəiflədiyi bir vaxtda ABŞ-nin regional mövqelərini gücləndirməyi hədəfləyir. Razılaşmaya əsasən, Ermənistan və Azərbaycan əsas nəqliyyat marşrutlarını yenidən açmalı, enerji, texnologiya və iqtisadiyyat sahələrində ABŞ-la əməkdaşlığı genişləndirməlidir. Sənəddə həmçinin “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanan əsas tranzit dəhlizin yaradılması nəzərdə tutulur. Bu dəhliz Azərbaycanın əsas hissəsini onun Naxçıvan muxtar bölgəsi ilə birləşdirməlidir. Həmin ərazilər Ermənistan ərazisindən keçən təxminən 32 kilometrlik zolaqla ayrılır.
Azərbaycanda Vensin səfəri fonunda insan haqları məsələlərinin də gündəmə gətiriləcəyi ilə bağlı ümidlər səsləndirilir. Rəsmi mənbələr isə səfərin gündəliyində bu məsələnin olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.
Trampın ilk prezidentliyi dövründə vitse-prezident Mayk Pensin aparat rəhbəri olmuş Mark Şort bildirib ki, vitse-prezidentlərin xarici səfərləri çox vaxt Prezidentin hansı səfərləri edib-etməmək istəməsindən asılı olur.
Onun sözlərinə görə, bəzi səfərlər gözlənilməz görüşlərlə də yadda qala bilər. Məsələn, Pensin 2018-ci ildə Sinqapurda keçirilən Şərqi Asiya Sammitinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə qeyri-rəsmi görüş baş tutmuşdu.
Şort 2019-cu ildə Pensin Polşaya etdiyi səfəri də xatırladıb. Həmin vaxt Tramp “Dorian” qasırğasına nəzarət etmək üçün ABŞ-də qalmışdı və Pens Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmüşdü.
“Reallıq budur ki, Prezidentin üzərində çoxlu məsuliyyət var,” – deyə Şort bildirib. “Bu səbəbdən, ABŞ-nin mümkün olan ən yüksək səviyyədə təmsil olunması vacibdir. Əksər hallarda bu vəzifə vitse-prezidentin üzərinə düşür”.