ABŞ konqresmenləri: İlham Əliyevin mühafizəçilərinin etirazçılara müdaxiləsi araşdırılmalıdır

Foto: aksiya zamanı yayılan videolardan screenshot

ABŞ Konqresinin bir qrup üzvü Vaşinqtonda Prezident İlham Əliyevin qaldığı otelin qarşısında ötən ay baş vermiş insidentlə bağlı dövlət katibi Marko Rubioya müraciət edərək hadisənin araşdırılmasını və məsul şəxslərə qarşı tədbir görülməsini istəyib.

Müraciəti konqres üzvü Cim Makqovern martın 5-də sosial şəbəkə hesabında paylaşıb.

Müraciətdə konqres üzvləri bildiriblər ki, Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı onun mühafizəçiləri fevralın 19-da “Waldorf Astoria”otelinin qarşısında toplaşan etirazçılara qarşı zor tətbiq ediblər.

“Yayılmış videolardan da göründüyü kimi, İlham Əliyevin mühafizəçiləri etirazçıları döyərək, təpikləyərək və təqib edərək lazımsız güc tətbiq etdilər. Bu, ABŞ hökumətinin ən yüksək vəzifəli şəxslərinin yaxınlığında törədilən transmilli repressiya aktı kimi görünür. Baş verənlərlə əlaqədar ciddi narahatlığımızı bildiririk”, – müraciətdə deyilir.

Konqres üzvləri bildiriblər ki, etirazçılar arasında saxta ittihamla 9 il həbs cəzasına məhkum edilmiş müxalif siyasətçi Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu da olub.

“Biz bu hücumları hər bir insanın ABŞ-də dinc şəkildə toplaşmaq və söz azadlığından istifadə etmək hüququna qarşı birbaşa təhqir kimi qınayırıq. Bunlar həm ABŞ Konstitusiyası, həm də Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla qorunan Amerika demokratiyasının təməlində duran dəyərlərdir”, – sənəddə qeyd olunur.

Məktubda həmçinin bildirilir ki, Konqres üzvləri daha əvvəl də ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə hesabatlarında qeyd olunan pozuntularla bağlı narahatlıqlarını ifadə ediblər və ABŞ administrasiyasını Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə əməl etməyə çağırmağa səsləyiblər.

Onların fikrincə, ABŞ rəhbərliyi bu insidentə rəsmi və diplomatik kanallar vasitəsilə reaksiya verməli və hadisənin məsul şəxslərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılmalıdır.

Müraciəti senator Tim Keyn və konqresmenlər Cim Makqovern, Eleanor Holms Norton, Ceymi Raskin, Dina Taytus, Donald Beyer və Ceyms Uokinşou imzalayıblar.

Hadisə fevralın 19-da İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtona səfəri zamanı baş verib. İlham Əliyevin qaldığı otelin qarşısında Azərbaycan hökumətinin tənqidçilərindən olan yeddi-səkkiz nəfər mühacir dinc etiraz aksiyası keçirməyə cəhd edib. Etirazçılar arasında Prezident İlham Əliyevin sərt tənqidçilərindən olan, hazırda dələduzluq ittihamı ilə 9 il həbs cəzası çəkən siyasətçi Tofiq Yaqublunun ABŞ-də yaşayan oğlu Rəhim Yaqublu da olub.

Sosial şəbəkələrdə yayılan videolara görə, etirazçılara Prezidentin mühafizə xidmətinin əməkdaşları tərəfindən fiziki təzyiq göstərilib. Videolarda Rəhim Yaqublunun paltarı cırıldığı və digər etirazçılardan bir neçəsinin xəsarət aldığı görünür. Vaşinqton polisi və ABŞ Gizli Xidməti ərazidə olsa da, polis qarşıdurmaya birbaşa müdaxilə etməyib və məsələnin Dövlət Departamenti tərəfindən araşdırıldığı bildirilib.

Azərbaycanda hökumətə yaxın media mühacirlərin təxribat yaratdığını və zorla otelə girməyə çalışdıqlarını iddia edib, etirazçılar isə bu iddiaları rədd ediblər.

Ana səhifəSiyasətABŞ konqresmenləri: İlham Əliyevin mühafizəçilərinin etirazçılara müdaxiləsi araşdırılmalıdır